MDB-də əsas problem ölkələr arasında statistik məlumatların aktual və müqayisəli olmasıdır
- 26 sentyabr, 2025
- 11:02

MDB məkanında hazırda əsas problemlər statistikanın olmaması deyil, məlumatların aktual və ölkələr arasında müqayisəli olmasıdır.
"Report" xəbər verir ki, bunu MDB-nin Statistika Komitəsinin sosial-demoqrafik statistika idarəsinin rəis müavini Aleksandr Kiryanov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun 3-cü günündə bildirib.
Onun sözlərinə görə, bu il Məlumatların mübadiləsi üçün beynəlxalq standart (SDMX - Statistical Data and Metadata eXchange) formatından istifadə edərək Belarus və Rusiya nümunəsində açıq mənbələrdən avtomatlaşdırılmış məlumat toplanmasını sınaqdan keçiriblər: "Biz iki mənbə üzrə göstəriciləri müqayisə etdik. Bunlar MDB Statistika Komitəsinin Excel faylları və Rosstat və Belstatın açıq mənbələrindən və resurslarından SDMX fayllarıdır. Məlumatlarda bəzi fərqlər var, lakin bu fərqlər daha çox müxtəlif dövrülük və məlumatların yenilənmə müddəti ilə bağlıdır. Gələcək işlərdə məlumat mübadiləsinin ən optimal üsulu kimi, əlbəttə ki, SDMX formatının istifadəsini hesab edirik. Burada məlumatların dərinliyini qoruya və hətta artıra, göstərici kodlarının universal strukturundan istifadə edə bilərik. Əsas üstünlüklərdən biri də məlumat əldə etmə prosesinin avtomatlaşdırılması və milli statistika xidmətlərinə yükün azaldılmasıdır".
O bildirib ki, MDB-nin Statistika Komitəsi diqqətini yoxsulluq və ərzaq təhlükəsizliyindən gender, əmək və digər statistika sahələrinə qədər bir sıra göstəricilər üzrə metodologiyanın təkmilləşdirilməsini yönəldəcək: "Bu kontekstdə mobil və inzibati məlumatlardan tutmuş peyk təsvirləri və geofəza məlumatlarına qədər alternativ mənbələrdən istifadə də perspektivli görülür. Bununla yanaşı müasir texnologiyaların daha geniş istifadəsi, məlumatların avtomatlaşdırılmış təsviri üçün süni intellekt istifadəsi təcrübələrinin öyrənilməsi və tətbiqi, anketlərin emalı üçün maşın öyrənmə modelləri, eləcə də məlumatların emalı və təhlili üçün digər müasir metodlar və üsullardan istifadə mühüm əhəmiyyət kəsb edir".