Maliyyə Monitorinqi Xidmətində qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 80 % artıb
- 18 sentyabr, 2025
- 11:46

Bu il yanvarın 1-nə Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 1 593 vahid təşkil edib.
"Report" bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 80 % çoxdur.
Qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin 47,3 %-i və yaxud 754-ü mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslər, 268-i hüquq xidməti göstərən şəxslər, 219-u audit xidməti göstərən şəxslər, 104-ü rieltorlar, 84-ü vəkil fəaliyyəti ilə məşğul olan şəxslər, 58-i bank olmayan kredit təşkilatları, 22-si bank, 17-si maliyyə lizinqi xidməti göstərən şəxslər, 14-ü ödəniş təşkilatları, 14-ü investisiya şirkətləri, 10-u elektron pul təşkilatları, 7-si lombardlar, 5-I həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta təşkilatları, 5-i kredit ittifaqları, 3-ü valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, 3-ü virtual aktiv xidməti təminatçıları, 2-si həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta vasitəçiləri, 2-si investisiya fondu, hər birindən 1 dənə olmaqla həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan təkrarsığorta təşkilatları, mərkəzi depozitar, notarius və poçt rabitəsinin milli operatoru olub.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.