İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi istiqamətində iş aparılır
- 07 oktyabr, 2025
- 16:06

Azərbaycanda İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi istiqamətində iş aparılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda İslam maliyyəsinin tam potensialından yararlanmaq üçün bir sıra əsas amillər mövcud olmalıdır: "İlk olaraq, ənənəvi və İslam maliyyə xidmətləri arasında bərabər şəraitin yaradılması vacibdir. Bunun üçün maliyyə tənzimləmələrinin İslam maliyyə məhsullarının xüsusiyyətlərinə uyğunlaşdırılması tələb olunur. Eyni zamanda, İslam maliyyə məhsulları üzrə əməliyyatların vergi baxımından harmonizasiya olunması da mühüm əhəmiyyət kəsb edir. Bilirik ki, bəzi maliyyə xidmətləri əlavə dəyər vergisindən (ƏDV) azaddır. Bu səbəbdən həmin prinsiplərin İslam maliyyə əməliyyatlarına da tətbiq olunması vacibdir. Hazırda bu istiqamətdə müvafiq dövlət qurumları ilə birgə iş aparırıq".
R. Tahirov vurğulayıb ki, ikinci mühüm amil isə potensialın artırılması və kadr hazırlığıdır: "Biz Pakistan Mərkəzi Bankı və digər tərəfdaşlarla apardığımız müzakirələr zamanı gördük ki, hətta bu sahədə daha çox təcrübəyə malik ölkələrdə belə İslam maliyyəsi üzrə mütəxəssislərin çatışmazlığı hiss olunur. Buna görə də İslam maliyyəsinə yeni qədəm qoyan bir ölkə kimi, biz beynəlxalq tərəfdaşlarla, o cümlədən İslam İnkişaf Bankı ilə birgə bank əməkdaşlarının bu məhsulları idarə edə bilməsi üçün hərtərəfli təlim proqramları həyata keçirməliyik. Bu, olduqca vacib məsələdir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Üçüncü olaraq, maliyyə institutlarının İslam bankçılığı əməliyyatlarından irəli gələn riskləri idarəetmə qabiliyyətini gücləndirməsi vacibdir. Çünki İslam maliyyə məhsullarından doğan risklər ənənəvi maliyyə məhsullarından müəyyən dərəcədə fərqlənir. Buna görə banklar da bu riskləri idarə etmək üçün müvafiq alətlərlə təmin olunmalıdır".
"Nəhayət, lakin az əhəmiyyətli olmayan digər vacib amil İslam maliyyəsi və bankçılığı üzrə nəzarət və tənzimləmə çərçivəsi hazırlanarkən beynəlxalq standartlara riayət edilməsidir. İslam Maliyyə Xidmətləri Şurası (IFSB) və İslam Maliyyə Təşkilatları üçün Mühasibat və Audit Assosiasiyası (AAOIFI) tərəfindən müəyyən olunmuş beynəlxalq standartlara uyğunluq bazar iştirakçıları arasında şəffaflıq, etimad və sabitliyi təmin etmək baxımından olduqca vacibdir. Eyni zamanda, region ölkələrinin mərkəzi bankları və beynəlxalq təşkilatlarla əməkdaşlıq da bu prosesin ayrılmaz hissəsidir. Biz inanırıq ki, məhz bu amillər Azərbaycanda İslam maliyyəsi və bankçılığının tam potensialının açılmasında həlledici rol oynayacaq", - deyə AMB rəsmisi qeyd edib.