ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb
- 09 yanvar, 2026
- 09:25
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
"Report" ING-nin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.
ING-nin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.
Bank analitikləri 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 5,2 % (əvvəlki 5,7 %), II rübdə 5,4 % (əvvəlki 5,9 %), III rübdə 5,3 % (əvvəlki 5,7 %) və IV rübdə 5,5 % (əvvəlki 5,7 %) səviyyəsində olacağını gözləyirlər.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə illik inflyasiya təxminən 5,7 % təşkil edəcək.
BMT öz növbəsində bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 3,5 % olacağını proqnozlaşdırır.
"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 % səviyyəsində, "Fitch Ratings" 2026-cı ildə 4,6 %, "Fitch Solutions" isə 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində proqnozlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 5,7 % təşkil edib.