Hesablama Palatası: Pensiyaçılar üzrə işsizlik sığortası mexanizminə yenidən baxılmalıdır

Maliyyə
  • 12 noyabr, 2025
  • 14:31
Hesablama Palatası: Pensiyaçılar üzrə işsizlik sığortası mexanizminə yenidən baxılmalıdır

Azərbaycanda əmək pensiyaçılarının işsizlikdən sığorta haqları ödəməsi ziddiyyət yaradır.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilir.

Bildirilib ki, hazırda yaşa görə əmək pensiyası alan şəxslər işlədikdə işsizlikdən sığorta haqqı ödəsələr də, işsizlər üçün nəzərdə tutulmuş sosial təminat mexanizmlərindən yararlana bilmirlər.

Qurum bu vəziyyəti qanunvericilikdə ziddiyyət kimi qiymətləndirir və problemin aradan qaldırılması üçün "İşsizlikdən sığorta haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik edilməsini təklif edir. Hesabatda bildirilir ki, hazırda 123 mindən çox əmək pensiyaçısı aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən sığorta haqqı ödəyir.

Palata hesab edir ki, bu kateqoriyanın sığorta haqlarına cəlb olunmaması məqsədəuyğundur, çünki onlar qanunla işsiz kimi qeydiyyata alına və işsizlik sığortasından yararlana bilməzlər.

Son xəbərlər

Bütün Xəbər Lenti