Hesablama Palatası: Ortamüddətli xərclər planlaşdırmasında normativ boşluqlar qalır
- 04 noyabr, 2025
 - 11:20
 
                            
                            
                        Hesablama Palatası ortamüddətli xərclərin planlaşdırılmasında optimallaşma tədbirlərinin davam etdirilməsini zəruri hesab edir.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, 2024-cü il mayın 3-də imzalanmış "Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında" ölkə Prezidentinin fərmanı bu sahədə islahatların yeni mərhələsini müəyyən edib.
Həmin Fərmana əsasən, "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na dəyişiklik edilərək Maliyyə Nazirliyinə bu il oktyabrın 15-nə qədər "Ortamüddətli xərclər çərçivəsi"ni (OMXÇ) Prezidentlə razılaşdırmaqla Nazirliyin rəsmi internet səhifəsində yerləşdirmək öhdəliyi təsbit olunub.
Hesablama Palatası bildirib ki, müvafiq məlumat Nazirliyin saytında dərc edilsə də, OMXÇ-nin büdcə sənədlərinə daxil edilməsi ilə bağlı qanunvericilikdə tələbin olmaması səbəbindən bu sənəd növbəti ilin "Büdcə zərfi"ndə əksini tapmayıb.
Qurumun rəyində vurğulanır ki, 2026-cı ilin büdcə layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə qeyri-maliyyə məlumatları və büdcə parametrlərinə dair keyfiyyət göstəriciləri məhdud şəkildə yer alıb.
Palata qeyd edib ki, fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla, dövlət büdcəsi ilə birlikdə təqdim edilən sənədlərin sayının və faydalılığının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir.
Hesabatda "Açıq Büdcə İndeksi–2023"də Azərbaycanın "İcraedici Hakimiyyətin Büdcə Təklifi" sənədi üzrə 59 bal topladığı, bunun da şəffaflıq göstəricisinə mənfi təsir göstərdiyi qeyd olunub.
Bu nəticə əsasən yeni siyasət təşəbbüslərinin büdcə xərclərinə təsirinin qiymətləndirilməsinin yetərli olmaması, qeyri-maliyyə məlumatlarının məhdudluğu, eləcə də bəzi büdcə sənədlərinin maşınla oxuna bilən formatda təqdim edilməməsi ilə izah olunur.
Hesablama Palatası tövsiyə edir ki, bu problemlərin aradan qaldırılması məqsədilə "Büdcə sistemi haqqında" Qanunun 12-ci və 16-cı maddələrinə əlavə və dəyişikliklər edilsin, "Büdcə zərfi"nə daxil edilən sənədlərin siyahısı təkmilləşdirilsin və icra ilə bağlı məlumatlılıq səviyyəsi artırılsın.