Hesablama Palatası: İSF-nin büdcə layihəsində investisiya fəaliyyəti ilə bağlı məlumatlar yoxdur
- 12 noyabr, 2025
- 14:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi ilə bağlı məlumatlar Fondun 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsində əks etdirilməyib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının layihəyə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu hal dövlət vəsaitlərinin şəffaflığı və hesabatlılığı baxımından natamamlığa, eyni zamanda icmal büdcənin gəlir və xərc parametrlərinin təhrif olunmasına səbəb olur.
Fondun investisiya fəaliyyəti ölkə Prezidentinin 2023-cü il 17 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" ilə tənzimlənir.
Bununla belə, Hesablama Palatası vurğulayır ki, bu fəaliyyət üzrə büdcə qanunlarında göstəricilərin təqdimat formatı və strukturu hələ hüquqi cəhətdən müəyyən edilməyib, bu da dövlət vəsaitlərinin uçotunda və hesabatlılığında boşluqlar yaradır.