Hesablama Palatası: İcmal büdcə ilə bağlı qanunvericilikdə uyğunsuzluqlar qalır

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:25
Hesablama Palatası: İcmal büdcə ilə bağlı qanunvericilikdə uyğunsuzluqlar qalır

Hesablama Palatası icmal büdcə ilə bağlı qanunvericilikdə əlavə dəyişikliklər və təkmilləşdirmələrin həyata keçirilməsi zəruri hesab edir.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, cari ildə fiskal qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər icmal büdcə ilə bağlı müddəaları da əhatə edib. Lakin aparılmış təhlillər göstərib ki, bu istiqamətdə normativ bazanın daha da təkmilləşdirilməsinə ehtiyac var.

Qurum xatırladıb ki, fiskal qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin icrası zamanı xərc istiqamətləri arasında yerdəyişmələr - yəni dürüstləşmələr həyata keçirilir. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu dəyişikliklər nəticəsində təsdiq edilmiş icmal büdcə xərclərinin yuxarı həddi bəzən artırılıb.

Cari ildə "Büdcə sistemi haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, icra zamanı baş verən bu yerdəyişmələr artıq dövlət büdcəsi haqqında qanunda təsdiqlənmiş icmal büdcə göstəricilərindən kənarlaşma kimi qəbul edilmir.

Hesablama Palatasının apardığı təhlillər isə göstərib ki, qanunvericiliyin bəzi maddələri arasında hələ də uyğunsuzluqlar mövcuddur. Belə ki, "Büdcə sistemi haqqında" Qanunun 1.1.31-2-ci maddəsində Dövlət Neft Fondunun (ARDNF) xərclərinin icmal büdcəyə daxil edildiyi qeyd olunsa da, 27.2-ci maddədə fondun əməliyyat xərcləri və beynəlxalq banklarda vəsaitlərin yerləşdirilməsi ilə bağlı xərclərin istisna olunduğu göstərilib.

Təcrübədə isə Fondun transfertləri və idarəetmə xərcləri icmal büdcənin xərclərinə daxil edilmir. Bu xərclərin 2024-cü ildəki icrası 34,1 milyon manat təşkil edib.

Palata həmçinin qeyd edib ki, icmal büdcəyə daxil olan büdcələrin gəlirlərinin uçotunda vahid yanaşma tətbiq edilmir. Belə ki, ARDNF istisna olmaqla digər büdcələrin gəlirləri kassa metodu ilə, Fondun gəlirləri isə hesablama metodu ilə uçota alınır. Bu isə nəticə etibarilə icmal büdcədə ARDNF-in gəlirlərinin daha çox görünməsinə, kassa əsaslı xərclərlə hesablama əsaslı gəlirlərin müqayisəsinə və icmal büdcə kəsirinin az göstərilməsinə səbəb olur.

Bundan başqa, Palata qeyd edib ki, icmal büdcə sənədi beynəlxalq maliyyə hesabat sistemi - GFSM-ə əsaslanan "Statement of Operations" hesabatının alternativi kimi təqdim edilsə də, mövcud təcrübədə reallaşmamış gəlirlər (unrealised income) icmal büdcənin gəlirləri kimi tanınır. Halbuki GFSM standartlarına görə, bu tip gəlirlər əməliyyat gəlirləri kimi qəbul edilməməlidir.

Hesablama Palatası nəticə olaraq bildirib ki, icmal büdcə ilə bağlı normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və uçot metodologiyasının vahidləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti