Gürcüstanda rekord valyuta ehtiyatı formalaşdırılıb

Maliyyə
  • 08 sentyabr, 2025
  • 12:26
Gürcüstanda rekord valyuta ehtiyatı formalaşdırılıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan iqtisadiyyatı 8 % artıb, ölkənin Milli Bankı isə valyuta ehtiyatlarını 1,3 milyard ABŞ dolları artırıb.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, ölkəsində iqtisadi artımla bağlı göstərici təkcə regionda deyil, Avropada da ən yüksək nəticə hesab olunur.

Baş nazir əlavə edib ki, Beynəlxalq Valyuta Fondu (IMF) ötən ay Gürcüstan üçün artım proqnozunu 7,2 % səviyyəsində müəyyənləşdirib, lakin mövcud dinamika bu rəqəmin də üstələnə biləcəyini göstərir.

İ.Kobaxidze həmçinin qeyd edib ki, iqtisadi sabitlik milli valyutaya da müsbət təsir göstərib: "Son 7 ayda lari dollara qarşı 15 tetri möhkəmlənib. Bunun fonunda Gürcüstan Milli Bankı mart-iyul aylarında valyuta ehtiyatlarını 1,3 milyard ABŞ dolları artırıb. Avqust ayı da nəzərə alınarsa, ehtiyatların 1,5 milyard ABŞ dollarından çox artacağına inanırıq. Bu, ölkə üçün rekord göstərici olacaq".