Günel Nəbiyeva: "ATB biznesin etibarlı tərəfdaşı olmağı hədəfləyir" – MÜSAHİBƏ

Maliyyə
  • 21 iyul, 2026
  • 16:58
Günel Nəbiyeva: ATB biznesin etibarlı tərəfdaşı olmağı hədəfləyir – MÜSAHİBƏ

‘Azər-Türk Bank" ASC-nin (ATB) İdarə Heyətinin sədri Günel Nəbiyeva "Report"a müsahibə verib. Bankın fəaliyyətə başlamasının 31 illiyinə təsadüf edən özəl müsahibəni sizə təqdim edirik:

- Günel xanım, bu ilin yanvar ayında ATB-nin İdarə Heyətinin sədri təyin olundunuz. Həmin dövrdən Bankın fəaliyyətində canlanma, maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur. Bu dəyişikliklərin arxasında hansı transformasiya tədbirləri dayanır və həyata keçirilən yeniliklər bu nəticələrə necə təsir göstərir?

- İlk olaraq müsahibə məqsədilə müraciət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1995-ci ildə əsası qoyulmuş ATB fəaliyyətə başladığı gündən indiyə qədər daima inkişaf edən maliyyə institutlarından biridir. Yeri gəlmişkən, bu ay Bankımızın fəaliyyətinin 31 illiyini qeyd etdik. Bankın fəaliyyət tarixinə nəzər saldıqda görürük ki, o, daim tərəqqi edən və bank sektorunda nümunəvi korporativ idarəetmə standartları ilə seçilən maliyyə institutu kimi formalaşıb. Bu inkişafda dövlət bankı statusu da mühüm rol oynayıb.

2021-ci ildə Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildikdən sonra bu inkişaf tendensiyası sürətlə davam edib. Belə ki, Bankın aktivləri artıb, kredit portfeli və mənfəət göstəricilərində mütəmadi artım tempi müşahidə edilib. Nəzərinizə çatdırım ki, 2024-cü ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bankın səhmlərinin 51%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi ilə Bankın inkişafında yeni mərhələnin əsası qoyulub.

Bu ilin əvvəlində Bankın 2026–2028-ci illəri əhatə edən yeni inkişaf strategiyası təsdiqlənib. Həmin strategiya özlüyündə korporativ və KOB seqmentinin inkişafına fokuslanmağı, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun maliyyələşdirilməsində Bankın rolunun gücləndirilməsini, rəqəmsal transformasiyanın sürətləndirilməsini və dayanıqlı inkişaf prinsiplərini ön plana çəkir. Artıq məqsəd ATB-nin ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəni daha da gücləndirmək və bu istiqamətdə aparıcı maliyyə institutlarından biri kimi mövqeyini möhkəmləndirməkdir. Bu isə növbəti dövr ərzində Bankda ciddi transformasiyanın aparılmasını, biznes hədəflərinin dəyişdirilməsini və bu hədəflərə fokuslanan biznes proseslərinin qurulmasını labüd edir. Bu istiqamətdə artıq konkret transformasiya tədbirlərinin icrasına başlanıldığını da qeyd etmək mümkündür.

Xüsusi vurğulamaq istəyirəm ki, müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal həllərin genişləndirilməsi və müasir bankçılıq məhsullarının inkişafı Bankın dayanıqlı inkişaf strategiyasının vacib elementləridir. Bu gün Bankın biznes modeli rəqəmsallaşma, əməliyyat səmərəliliyinin artırılması, resurs bazasının gücləndirilməsi və məhsul portfelinin şaxələndirilməsi prinsiplərinə əsaslanır.

Artıq həyata keçirilən bu dəyişikliklərin ilk müsbət nəticələri Bankın maliyyə göstəricilərində də öz əksini tapmağa başlayıb. Belə ki, yaxın günlərdə açıqladığımız nəticələrə əsasən Bankın xalis mənfəəti 10,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artım deməkdir. Eyni zamanda, Bankın əməliyyat mənfəəti 30 % artıb, kapitalı və depozit portfelində də artımlar qeydə alınıb. Bu göstəricilər həyata keçirilən tədbirlərin və müəyyən edilmiş strateji istiqamətlər üzrə görülən işlərin ilkin müsbət nəticələridir.

- Korporativ biznes və KOB seqmentləri ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən hesab olunur. ATB bu müştəri seqmenti üzrə necə bir strateji tərəfdaş olmağı hədəfləyir?

- Bu gün şirkətlər banklardan yalnız maliyyələşmə deyil, həm də uzunmüddətli tərəfdaşlıq, çevik qərarlar və bizneslərinin inkişafını dəstəkləyən həllər gözləyirlər. ATB olaraq məqsədimiz korporativ və KOB müştəriləri üçün sadəcə maliyyə xidmətləri təqdim edən bank deyil, onların davamlı inkişafına töhfə verən etibarlı strateji tərəfdaş kimi çıxış etməkdir.

Bu baxımdan fəaliyyətimizi sahibkarlığın inkişafının, istehsalın, ixracın və innovasiyaların maliyyələşdirilməsinə yönəldir, eyni zamanda biznes müştərilərimizin dəyişən ehtiyaclarına uyğun məhsul və xidmətlərimizi davamlı olaraq təkmilləşdiririk. Görülən işlər onlara çevik, innovativ və rəqabətqabiliyyətli maliyyə həlləri təqdim etməyə yönəlib.

Prioritetlərimizdən bəhs edərkən biznes bankçılığının rəqəmsallaşdırılmasını da qeyd etmək lazımdır. Bu istiqamətdə əsas hədəfimiz müştərilərimizin bank xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə istifadə etməsini təmin etməkdir.

- Dövlət bankı statusu həm maliyyə dayanıqlığı, həm də strateji məsuliyyət tələb edir. ATB bu balansı necə qoruyur?

- Dövlət bankı olmaq bizim üçün ilk növbədə yüksək etimad və böyük məsuliyyət deməkdir. Biz hesab edirik ki, dövlət bankının rolu bazar prinsipləri ilə dövlətin strateji prioritetlərini uzlaşdıran istiqamətləri önə çəkmək, bununla da iqtisadi inkişafa töhfə verməkdir.

Bu səbəbdən bütün qərarlarımız prudensial tələblərə cavab verən sağlam risk idarəetməsi, maliyyə dayanıqlılığı və uzunmüddətli dəyər prinsiplərinə əsaslanır. Bizim üçün dövlətimizin prioritet hesab etdiyi layihələrin maliyyələşdirilməsi bankın kommersiya səmərəliliyinin qorunması qədər əhəmiyyətlidir. Hesab edirəm ki, sağlam maliyyə göstəricilərinə malik bank iqtisadiyyatın inkişafına daha böyük töhfə vermək imkanına sahib olur.

ATB-nin strateji yanaşması davamlı inkişaf modelinə əsaslanır. Məqsədimiz yalnız bugünkü maliyyə göstəricilərini yaxşılaşdırmaq deyil, eyni zamanda uzunmüddətli iqtisadi dəyəri nəzərə alan qərarlar qəbul etmək, kapitaldan səmərəli istifadə etməklə səhmdarlarımız, müştərilərimiz və ölkə iqtisadiyyatı üçün dayanıqlı nəticələr yaratmaqdır.

- Bu gün bank sektorunda rəqəmsal transformasiya artıq ən çox müzakirə olunan mövzulardan biridir. Bəs ATB üçün rəqəmsal transformasiya nə ifadə edir və bu dəyişikliklər müştərilər üçün hansı üstünlükləri yaradır?

İlk növbədə qeyd etmək istərdim ki, müasir bank artıq yalnız maliyyə xidmətləri təqdim edən qurum deyil, eyni zamanda texnologiya platformasıdır. Buna görə də rəqəmsal transformasiya bizim üçün ayrıca layihə deyil, Bankın bütün fəaliyyət istiqamətlərini əhatə edən strateji yanaşmadır.

Buna müvafiq olaraq müştərilərimizə daha sürətli, rahat və fərdiləşdirilmiş xidmətlər təqdim etmək üçün addımlar atırıq. Bunun üçün rəqəmsal texnologiyalar və data analitikasından istifadə edərək müştəri ehtiyaclarını daha dəqiq qiymətləndirir, eyni zamanda daxili prosesləri avtomatlaşdırmaqla qərarların qəbulunu sürətləndirir və əməliyyat səmərəliliyini artırırıq.

Bu günün reallıqlarından biri də süni intellekt həllərinin transformasiyanın əsas istiqamətlərindən olmasıdır. Biz də hazırda müştəri təcrübəsinin təkmilləşdirilməsi, daxili proseslərin optimallaşdırılması, qərarvermənin daha səmərəli təşkili məqsədilə bu texnologiyanın tətbiqi üzərində çalışırıq.

Rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik və məlumatların qorunması da əsas prioritetlərimizdəndir. Yeni texnoloji həllər tətbiq olunarkən risklərin idarə edilməsi, məlumatların məxfiliyinin təmin olunması və sistemlərin dayanıqlılığının qorunmasına xüsusi diqqət yetiririk. Amalımız müasir texnologiyaların üstünlüklərini yüksək təhlükəsizlik standartları ilə birləşdirərək müştərilərimiz üçün etibarlı rəqəmsal mühit yaratmaqdır.

Bütün bu addımların müasir texnologiyaların imkanlarından istifadə etməklə ATB-nin çevikliyini, etibarlılığını və rəqabət qabiliyyətini daha da gücləndirəcəyinə inanırıq.

- Müasir dövrdə bankların uğuru artıq yalnız maliyyə göstəriciləri ilə qiymətləndirilmir. Hazırda xüsusi əhəmiyyət kəsb edən ESG (ekoloji, sosial və idarəetmə) prinsipləri və sosial məsuliyyət layihələri ATB-nin strateji hədəflərində nə dərəcədə yer tutur?

- ATB üçün ESG strateji inkişafın ayrılmaz hissəsidir. Biz fəaliyyətimizi Mərkəzi Bankın müəyyən etdiyi prioritetlər və Yol Xəritəsinə uyğun quraraq yaşıl maliyyələşdirmə portfelini genişləndirir, milli Yaşıl Taksonomiya və beynəlxalq standartlara uyğun maliyyə həllərinin tətbiqi üzərində çalışırıq. Bu istiqamətdə həyata keçirdiyimiz işlərə nümunə kimi "Green Business" məhsulumuzu və Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə bu istiqamətdə əməkdaşlığımızı göstərmək olar.

Eyni zamanda, emissiyaların hesablanması, kredit portfelinin karbon izinin qiymətləndirilməsi və emissiyaların azaldılmasına yönəlmiş tədbirlər həyata keçiririk. Bu sistemli yanaşmanın nəticəsində ATB-ni CFI.co – Capital Finance International "Green Banking Sustainability Pioneer Azerbaijan 2026" beynəlxalq mükafatına layiq görüb. Bu, yaşıl bankçılıq və dayanıqlı maliyyələşdirmə sahəsində fəaliyyətimizin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Nəzərinizə çatdırım ki, ESG strategiyamız yalnız ekoloji istiqamətlə məhdudlaşmır. Sosial kartlar, güzəştli bank xidmətləri və inklüziv maliyyə həlləri vasitəsilə maliyyə xidmətlərinə çıxışı genişləndirməklə bərabər, cəmiyyət üçün əlavə dəyər yaradırıq. Bizim üçün ESG ayrıca fəaliyyət istiqaməti deyil, kredit qərarlarından risklərin idarə edilməsinə və korporativ idarəetməyə qədər bütün fəaliyyətimizə inteqrasiya olunmuş yanaşmadır.

- 2028-ci ildə strateji dövr başa çatdıqda ATB-ni necə görmək istəyirsiniz? Sizin üçün uğurun əsas göstəricisi nə olacaq?

- Biz bu yola sıfırdan başlamırıq. ATB-nin arxasında 31 illik tarix, zəngin təcrübə və müştərilərimizin bizə göstərdiyi etimad dayanır. Bu gün qarşımızda duran əsas vəzifə bu üstünlükləri yeni inkişaf mərhələsinə daşımaq və ATB-ni ölkənin aparıcı biznes yönümlü banklarından birinə çevirməkdir. İstəyirik ki, iri şirkətlər və sahibkarlar ATB-ni onların ehtiyaclarını dərindən anlayan, operativ qərar qəbul edən və uzunmüddətli etibarlı tərəfdaş kimi çıxış edən bank kimi tanısınlar.

Əsas hədəfimiz odur ki, biznes subyektləri etibarlı maliyyə tərəfdaşı seçərkən ilk növbədə ATB-ni nəzərdən keçirsinlər. Mənim üçün uğurun ən vacib göstəricisi də məhz bu etimadın formalaşmasıdır. İnanıram ki, 2028-ci ilin sonuna qədər ATB korporativ müştərilər və sahibkarlar üçün etibarlı, peşəkar və uzunmüddətli əməkdaşlıqda üstünlük verilən banklardan biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

- Müsahibəyə görə sizə təşəkkür edirik!

- Mən də sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək sizi və peşəkar həmkarlarınızı qarşıdan gələn peşə bayramınız - 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirəm.