"Greentek Group"un fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb
- 13 oktyabr, 2025
- 13:10

Azərbaycan Mərkəzi Bankı (AMB) "Greentek Group" MMC-nin fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, şirkətdə həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.
Odur ki, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələri rəhbər tutularaq, kommersiya qurumuna lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.