EBRD-nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 29 sentyabr, 2025
- 17:17

Oktyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 50 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd, yəni 50 milyon manatlıq istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7 %-ə yaxındır) rübdə bir dəfə ödəniləcək.
Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.