DSMF I yarımildə 180 milyon manat investisiya qoyub
- 12 noyabr, 2025
- 14:46
Bu ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 180 milyon manat investisiya qoyub.
"Report" bu barədə Hesablama Palatasının Fondun 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənəddə xatırlanır ki, DSMF 2023-cü ildən sərbəst vəsaitlərini investisiyaya yönəltməyə başlayıb. Bu, ölkə Prezidentinin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası" əsasında həyata keçirilir.
Fondun təqdim etdiyi məlumatlara əsasən, yalnız 2024-cü ildə 1 milyard 424,78 milyon manat vəsait investisiyaya yönəldilib. Bunun 22,5 milyon manatı bank depozitlərinə, 485,15 milyon manatı dövlət zəmanətli istiqrazlara, 917,13 milyon manatı isə əks-repo əməliyyatlarına yatırılıb.
2024-cü ildə DSMF-nin investisiya fəaliyyətindən 82,32 milyon manat gəlir əldə olunub, 2025-ci ilin ilk yarısında isə bu məbləğ 63,36 milyon manat təşkil edib.
Qaydalara əsasən, Fondun investisiya gəlirləri sosial müdafiə islahatlarının maliyyələşdirilməsi, şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, eləcə də işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması məqsədilə istifadə olunur.
Hesablama Palatası əlavə edib ki, investisiya gəlirlərinin müəyyən hissəsinin sığorta ehtiyatına daxil edilməsi və sığorta prinsiplərinə əsaslanan xərc istiqamətlərinin genişləndirilməsi üçün hüquqi aktların təkmilləşdirilməsi zəruridir.