Burak Şöföroğlu: "Şimali Kiprdə islahatlar Azərbaycanla sığorta əməkdaşlığı üçün yeni imkanlar açır"
- 28 oktyabr, 2025
- 14:14
Şimali Kiprdə islahatlar Azərbaycanla sığorta əməkdaşlığı üçün yeni imkanlar açır.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Maliyyə Nazirliyinin Aparat rəhbəri Burak Şöföroğlu Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində deyib.
Onun sözlərinə görə, Şimali Kiprdə həm bank, həm də sığorta sektorunda aparılan islahatlar türk dövlətləri arasında, o cümlədən Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər yaradır: "Bizim təcrübəmiz göstərir ki, sığorta yalnız maliyyə məhsulu deyil, eyni zamanda cəmiyyətin etimad mexanizmidir. Bu sahədə tətbiq etdiyimiz yeniliklər Azərbaycan da daxil olmaqla türk dövlətləri ilə qarşılıqlı təcrübə mübadiləsinə açıqdır".
B. Şöföroğlu bildirib ki, 2024-cü ildə Şimali Kiprdə sığorta yığımları 87 % artaraq 4,2 milyard lirəyə, həyat sığortası yığımları isə 42 % artaraq 485 milyon lirəyə çatıb: "Sektorun kapitalı bir ildə 96 % artım göstərib. Bu göstəricilər həm regionda, həm də Azərbaycanda sığorta bazarının inkişafına inteqrasiya imkanlarını artırır".
Onun sözlərinə görə, qəbul edilən yeni qanun dəyişikliyi ilə şirkətlərin minimal kapital tələbləri gücləndirilib, arbitraj mexanizmi isə sadələşdirilib: "Bu, Azərbaycan da daxil olmaqla türk dövlətləri ilə şəffaf sığorta bazarı qurmaq yolunda vacib addımdır".