"Bank of America" FES-nin iki dəfə faiz endirimi edəcəyini proqnozlaşdırır
- 05 sentyabr, 2025
- 23:52

"Bank of America" korporasiyasının analitikləri Federal Ehtiyat Sisteminin (FES) bençmark faiz dərəcəsi ilə bağlı proqnozlarını dəyişib, ilin sonuna qədər onun iki dəfə azaldılması gözlənilir.
"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir.
Bank hesab edir ki, FES sentyabr və dekabr aylarında uçot dərəcəsini azaldacaq, analitiklərin əvvəlki proqnozuna görə isə uçot dərəcəsi 2026-cı ilin ikinci yarısına qədər indiki səviyyədə qalmalıdır.
Proqnoz yeniləməsi ABŞ-nin avqust ayı üçün iş yerləri hesabatının cümə günü yayımlanmasından sonra edilib. ABŞ Əmək Statistikası Bürosu ölkədə yeni yaradılan iş yerlərinin proqnozlaşdırılan kimi 79 000 yox, cəmi 22 000 olduğu məlumatını paylaşıb.
Qeyd edək ki, ABŞ-də işsizlik avqust ayında 4,3%-ə çatıb ki, bu da 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Bir ay əvvəl isə bu rəqəm 4,2% təşkil edib.
"BofA" analitikləri təkcə təklifin deyil, əmək tələbinin də pisləşdiyinə dair daha aydın sübutların olduğunu bildirib.