Bakı forumunda Belarusun statistik islahatları təqdim olunub

Maliyyə
  • 24 sentyabr, 2025
  • 13:27
Bakı forumunda Belarusun statistik islahatları təqdim olunub

IT texnologiyalarının sürətli inkişafı və informasiya axınlarının genişlənməsi statistika xidmətlərinin funksionallığını və statistik məlumatların istehsalının texnoloji tərəqqisini yeni tələblərlə üz-üzə qoyur.

"Report" xəbər verir ki, bunu Belarus Milli Statistika Komitəsinin sədri İnna Medvedeva Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər ciddi səy tələb etsə də, dayanıqlı və keyfiyyətli inkişaf üçün möhkəm baza yaradır:

"İlk növbədə, bu, normativ transformasiyadır. 2025-ci ildə Belarus statistikası növbəti beşillik inkişaf mərhələsini başa vurur. Bu dövrün əsas nailiyyəti institusional islahatların hüquqi əsasını təmin edən normativ bazanın dərin modernləşdirilməsi olub.

İkincisi mühüm istiqamət statistik biznes proseslərin uyğunlaşdırılmasıdır. Belstat müasir texnologiyalardan istifadə etməklə tam statistik istehsal dövrəsini həyata keçirir.

Növbəti istiqamət - metodologiyanın təkmilləşdirilməsi və beynəlxalq harmonizasiyadır. Hazırda statistik təcrübədə istifadə olunan təsnifatların 90 %-i beynəlxalq analoqlara uyğunlaşdırılıb".

İ.Medvedeva qeyd edib ki, komitə növbəti mərhələyə ölkədə formalaşan məlumatlar ekosisteminin koordinatoru və metodoloqu rolunda daxil olur:

"Bu ildən dövlət sektorunun məlumatlarının sistemləşdirilməsi üzrə kompleks tədbirlərə start verilib. Əsas məqsəd - müxtəlif qurumlar tərəfindən məlumatların təkrarlanmasının qarşısını almaqla biznesin və vətəndaşların üzərinə düşən yükü azaltmaqdır.

2026-cı ildən vahid təsnifat sistemi yaradılacaq, dövlət məlumatlarının rəqəmsallaşdırılması isə birdəfəlik toplanma və çoxsaylı istifadə prinsipini təmin edəcək".

Belstatın rəhbəri bildirib ki, hazırda üç qurumun dövlət informasiya sistemlərini əhatə edən pilot layihə həyata keçirilir.

Onun sözlərinə görə, dövlət məlumatlarının tam inventarizasiyası onların keyfiyyətini artıracaq və rəsmi statistikada daha geniş tətbiqini mümkün edəcək.

İ. Medvedeva vurğulayıb ki, statistikada institusional dəyişikliklər modernləşdirmə ilə yanaşı, həm də strateji seçimdir:

"Bu, statistik fəaliyyətin dayanıqlılığı, şəffaflığı və səmərəliliyi lehinə verilən qərardır. Biz beynəlxalq standartlara, rəqəmsal texnologiyalara və qurumlararası əməkdaşlığa əsaslanaraq inamla irəliləyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti