"Azərmaş Group" dövlət zəmanəti ilə 10 milyon manatlıq istiqraz buraxır
- 19 noyabr, 2025
- 09:38
"Azərmaş Group" MМС "Bakı Fond Birjası" (BFB) QSC-də 10 milyon manatlıq faizli, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazların nominal dəyərinin 60 %-i üzrə İpoteka və Kredit Zəmanət Fondu zəmanət verib.
Emitent tərəfindən istiqrazların aşağıda qeyd olunan şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda -2,5 milyon manat;
30-cu ayda - daha 2,5 milyon manat;
33-cü ayda - daha 2,5 milyon manat;
36-cı ayda - daha 2,5 milyon manat.