"Azəristiliktəchizat" mənfəətlə işləməyə başlayıb
- 03 iyul, 2026
- 09:04
"Azəristiliktəchizat" ASC 2025-ci ili 7,403 milyon manat mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyət 2024-cü ildən 6,784 milyon manat zərərlə çıxmışdı.
"Report" ASC-nin bu barədə maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 163,776 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 13,2 % azalaraq 75,744 milyon manata düşüb, balans kapitalı isə 15,8 % artaraq 88,032 milyon manata çatıb.
Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.