"AzerGold" maliyyə vəziyyətini açıqlayıb
- 01 sentyabr, 2025
- 10:54

"AzerGold" QSC bu ilin I yarısını 33,177 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 dəfə çoxdur.
Yanvar-iyun aylarında "AzerGold"un satışdan gəlirləri 116,686 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,2 dəfə çox), satışının maya dəyəri 62,676 milyon ABŞ dolları (59,2 % çox), ümumi və inzibati xərcləri 13,956 milyon ABŞ dolları (38,9 % çox), digər gəlirləri 696 min ABŞ dolları (əvvəlki il xərc olub), faiz gəlirləri 788 milyon ABŞ dolları (əvvəlki il xərc olub), mənfəət vergisi ödəmələri isə 8,362 milyon ABŞ dolları (52,6 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə "AzerGold"un aktivləri 537,137 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 17 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 26,3 % azalaraq 103,804 milyon ABŞ dolları, balans kapitalı isə 36,2 % artaraq 433,333 milyon ABŞ dolları olub.
Xatırladaq ki, "AzerGold" Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 36,47 milyon ABŞ dollarıdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.