Azərbaycanın icmal büdcəsində 7 milyard manata yaxın profisit yaranıb
- 22 oktyabr, 2025
- 14:02

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35 milyard 865,7 milyon manat, xərcləri isə 29 milyard 027,6 milyon manat təşkil edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 % az və 2 % çoxdur.
Son nəticədə icmal büdcədə 6 milyard 838,1 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,1 % azdır.
İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 5 milyard 888,6 milyon manat, xərcləri 5 milyard 627,7 milyon manat olub.
ƏƏSMN yanında İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 177,3 milyon manat, xərcləri 158,6 milyon manat olub.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1 milyard 525,2 milyon manat, xərcləri 1 milyard 685,3 milyon manat olub.
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 13 milyard 116,1 milyon manat, xərcləri 10 milyard 895 milyon manat olub.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 325,5 milyon manat, xərcləri 302,2 milyon manat olub.