Azərbaycanın bəzi rayonlarına dotasiyaların ehtiyacdan artıq ayrıldığı aşkar edilib
- 09 sentyabr, 2025
- 17:59

2024-cü ildə Zəngilan rayonunda yerli gəlirlər faktiki olaraq təsdiq edilən gəlirləri 1 milyon 015 min manat üstələyib, yerli xərclər isə təsdiq edilən xərclərə nisbətən 651 min manat az icra olunub.
"Report" bu barədə Hesablama Palatasının bülleteninə istinadən xəbər verir.
Nəticədə 1 milyon 043 min manatlıq artıq vəsait formalaşmasına baxmayaraq, icra edilmiş dotasiya 47 min manat təşkil edib.
Eyni zamanda, Yardımlı, Xocalı və Cəbrayıl rayonlarında yerli gəlirlər proqnozdan artıq yerinə yetirilsə də, xərclərin az icrası səbəbindən dotasiyaya ehtiyac olmadığı halda, həmin rayonlara dotasiya ayrılıb.
Kəlbəcər rayonunda gəlir və xərclər arasındakı çatışmazlıq 234 min manat olsa da, dotasiya 869 min manat təşkil edərək lazım olan məbləğdən 635 min manat artıq verilib.
Xocavənd rayonunda isə lazım olan dotasiyadan 73 min manat artıq vəsait ayrılıb.