Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 19 % artıb

Maliyyə
  • 10 sentyabr, 2025
  • 11:20
Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 19 % artıb

Bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən təminatsız bazarda əqdlərin sayı 19 % artıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB vurğulayır ki, pul bazarında aktivlik yüksək olaraq qalır.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib", - Mərkəzi Bank bəyan edib.

Qeyd olunur ki, AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7,15 %, avqustda 6,97 %, sentyabrın ötən dövründə isə 6,98 % olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir.

"Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır", - AMB bildirir.