Azərbaycanda statistika proqramında peyk məlumatlarının tətbiqi genişləndiriləcək
- 24 sentyabr, 2025
- 12:07

Azərbaycanda 2026–2030-cu illər üçün statistika proqramında peyk məlumatlarının tətbiqi genişləndiriləcək.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi sədrinin müavini Vahab Məmmədov Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda III Beynəlxalq Statistika Forumunda deyib.
Onun sözlərinə görə, 2026–2030-cu illərdə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsinə peyk məlumatlarının rəsmi statistik göstəricilərin hazırlanmasında istifadəsinin genişləndirilməsi tədbiri daxil edilib.
V. Məmmədov bildirib ki, aparılan islahatların əsas nəticələrindən biri rəsmi statistikanın tamamilə elektron formata keçididir: "Hazırda məlumatların toplanması, emalı və yayımı tam rəqəmsal formatda həyata keçirilir ki, bu da kağız sənəd dövriyyəsini xeyli azaldıb, prosesləri sürətləndirib və statistik məlumatların istifadəçilər üçün əlçatanlığını artırıb".
O əlavə edib ki, elektron texnologiyalar statistika sisteminin şəffaflığını, rahatlığını və etibarlılığını təmin edir: "Artıq məlumatların yayımı ənənəvi nəşrlərdən, çap olunmuş məcmuələrdən müasir rəqəmsal həllərə keçib. Bu platformalar istifadəçilərə özləri müstəqil şəkildə cədvəl və qrafiklər formalaşdırmaq imkanı verir. Belə yanaşma açıqlığı, istifadədə rahatlığı təmin edir və statistikanı cəmiyyət üçün daha əlçatan edir".