Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib
- 02 may, 2026
- 11:24
Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 65,476 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 38,137 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,4 % çoxdur.
Beləliklə, 3 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,8 manat olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.
3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.