Azərbaycanda həyat sığortası bazarı 18 %-dən çox böyüyüb
- 29 sentyabr, 2025
- 14:41

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 593,752 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 28,2 % artaraq 427,189 milyon manata çatıb.
Beləliklə, 8 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 71,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 66,3 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.