Azərbaycanda 8 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub
- 10 sentyabr, 2025
- 12:10
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 % artıb.
Avqustda ayrı-ayrı qida məhsullarından daha çox artım mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, azalma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % artıb. Qeyri-qida məhsullarından artım şəxsi gigiyena və zərgərlik məmulatlarının, azalma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqustda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri 0,6 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən geyimlərin kimyəvi təmizlənməsinin, beynəlxalq telefon danışıqlarının, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.