Azərbaycan sığorta bazarının əsas çağırışları açıqlanıb
- 28 oktyabr, 2025
- 11:40
Azərbaycan sığorta bazarının əsas çağırışlar kibertəhlükəsizlik, qanunvericiliyin çevikliyi və rəqəmsal savadlılıqdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.
"Bu gün bazar qarşısındakı ən vacib məsələlər kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunması, qanunvericiliyin innovasiyalara çevik uyğunlaşması, istehlakçı etibarının və rəqəmsal savadlılığın artırılmasıdır. Rəqəmsallaşma yalnız texnologiyaların tətbiqi deyil, həm də bütövlükdə ekosistemin dəyişməsi deməkdir. Süni intellekt, maşın öyrənməsi və böyük verilənlər artıq yalnız dəstək vasitəsi deyil, strateji dəyər yaradan əsas faktor kimi çıxış edir. Bu texnologiyalar əməliyyatların optimallaşdırılmasına, xərclərin azalmasına, müştəri təcrübəsinin fərdiləşdirilməsinə və qərarların sürətlə qəbul edilməsinə şərait yaradır", - deyə o qeyd edib.
Assosiasiya rəhbəri əlavə edib ki, Türk dünyasının sığorta sənayesi yeni inkişaf mərhələsindədir: "InsurTech" çərçivəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələr və bilik mübadiləsi bazarların böyüməsinə, yeni məhsul modellərinin yaranmasına və kapitalın daha səmərəli idarə olunmasına mühüm təsir göstərəcək".