Azərbaycan Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin iclasında təmsil olunub

Maliyyə
  • 12 noyabr, 2025
  • 16:38
Azərbaycan Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin iclasında təmsil olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsinin (MSBŞ) tamhüquqlu üzvü kimi Fransanın paytaxtı Parisdə keçirilən iclasda təmsil olunub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin nümayəndələrinin iştirak etdiyi iclasda şəbəkənin 2026-ci ildəki fəaliyyət planına geniş nəzər yetirilib, rəqəmsal maliyyə savadlılığı üzrə yeni siyasət tövsiyələri təqdim olunub.

İclasda həmçinin yetkin əhali qrupu arasında maliyyə savadlılığının ölçülməsi üçün sorğuya dəyişikliklər müzakirə olunub və maliyyə savadlılığı üzrə "Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 2029" (PISA) tədqiqatında ölkələrin iştirakının əhəmiyyəti vurğulanıb.

İclas süni intellektin maliyyə savadlılığı proqramlarına inteqrasiyanın faydaları və təhdidləri barədə müzakirə paneli ilə yekunlaşıb.

Tədbirin növbəti günündə keçirilən simpoziumda müxtəlif ölkələrin nümayəndələri tərəfindən maliyyə savadlılığının artırılması sahəsində uğurlu təşəbbüslər və tədqiqat nəticələri təqdim olunub.

AMB bu ilin iyul ayında MSBŞ-yə tamhüquqlu üzv olub. Bu üzvlük quruma beynəlxalq platformalarda təmsilçilik, şəbəkənin daxili iclaslarında iştirak, qlobal təşəbbüslərə və tematik işçi qruplara qoşulmaq, eləcə də beynəlxalq təcrübə və siyasət tövsiyələrindən birbaşa faydalanmaq imkanı yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti