Azərbaycan İslam maliyyəsi sahəsində ITFC ilə mümkün tərəfdaşlıq istiqamətlərini müzakirə edib

Maliyyə
  • 08 oktyabr, 2025
  • 17:38
Azərbaycan İslam maliyyəsi sahəsində ITFC ilə mümkün tərəfdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) "TCCA+" ("Trade Connect Central Asia+") Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edilib ki, müzakirələr ITFC-nin əməliyyatlar üzrə baş direktoru Nazim Nurdali ilə görüş çərçivəsində baş tutub.

"Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyası (ITFC) ilə məhsuldar görüş keçirdik. Görüşdə ITFC-nin Azərbaycandakı uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirdik, "TCCA+" Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İslam maliyyəsi, KOB-ların dəstəklənməsi və regional ticarət əlaqələri sahəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olundu", - müşavir yazıb.

"TCCA+" Proqramı dörd əsas məqsədə nail olmağa yönəlib. Buraya iştirakçı ölkələrdə məhsulun keyfiyyətinin artırılması, ticarət prosedurlarının sadələşdirilməsi, bu ölkələr arasında regional işgüzar əlaqələrin gücləndirilməsi, həmçinin onların regional səviyyədə rəqabətqabiliyyətliliyinin artırılması daxildir.

Proqram 2024-cü ildə Özbəkistanda başladılıb və altı ölkəni əhatə edir: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Proqramın məqsədi bu dövlətlərin regional inteqrasiyasına kömək etməkdir ki, onlar dünya ticarətinin imkanlarından tam istifadə edə bilsinlər.

Son xəbərlər

Bütün Xəbər Lenti