Azərbaycan IMF-in Regional İnkişaf Mərkəzinin tədbirində təmsil olunub

Maliyyə
  • 14 noyabr, 2025
  • 14:19
Azərbaycan IMF-in Regional İnkişaf Mərkəzinin tədbirində təmsil olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin təşkil etdiyi tədbirdə təmsil olunub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə qurumun sədr müavini Əli Əhmədov və Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov iştirak edib.

İsveçrənin Sürix şəhərində keçirilən tədbir "Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri" mövzusuna həsr olunub. İsveçrə Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri iştirak ediblər.

Ə.Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edən spikerlərdən biri olub. O, son illərdə AMB-nin pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının inkişafındakı rolu haqqında fikirlərini bölüşüb, qurumun gələcəkdə də siyasət qərarlarının real sektora ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların genişləndirilməsində qərarlı olduğunu bildirib. O, pul bazarı əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.

A.Ələsgərov isə "Azərbaycanın pul siyasəti kommunikasiyası" mövzusunda təqdimatla çıxış edib, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi istiqamətində AMB-nin təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb, qurumun son illərdə informasiya açıqlığının genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırıb.

Tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma rolunu oynayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti