Azərbaycan GSAI layihəsi çərçivəsində keçirilmiş növbəti tədbirə qatılıb
- 22 dekabr, 2025
- 14:40
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (INTOSAI IDI) "Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü" layihəsi çərçivəsində Rəhbər Komitənin yekun iclasında iştirak edib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, iclasda Tacikistanın Hesablama Palatasının, Gürcüstan Dövlət Audit Xidmətinin nümayəndələri, eləcə də layihənin tərəfdaş qurumları olan IDI və CIPFA-nın təmsilçiləri iştirak ediblər.
Tədbirin gündəliyinə uyğun olaraq Tacikistanın Hesablama Palatasının sədri tərəfindən açılış nitqi səsləndirilib və gündəlik təsdiq olunub.
Açılış nitqindən sonra N.Sadıqov çıxış edərək GSAI layihəsi çərçivəsində Palatanın gördüyü işlərə toxunub. O bildirib ki, 2023–2024-cü illərdə Palata Tacikistan tərəfdə SAI PMF qiymətləndirilməsini həyata keçirib, qiymətləndirmənin nəticələrinə və strateji idarəetmə təcrübəsinə əsaslanaraq strateji plan, əməliyyat planı və monitorinq çərçivəsinin hazırlanması üzrə tövsiyələr təqdim edib.
N.Sadıqov vurğulayıb ki, Palata layihənin uğurla başa çatdırılması üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
İclas çərçivəsində tərəfdaş qurumlar layihənin icrası ilə bağlı qısa məlumatlar təqdim edib. Təqdimatlarda layihənin 2025-ci il üzrə nəticələri, əldə olunmuş nailiyyətlər, mövcud risklər diqqətə çatdırılıb.
Müzakirələr zamanı tərəfdaş qurumlar arasında əməkdaşlığın səmərəliliyinin və institusional potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.