"Azərbaycan Fintex Assosiasiyası"nın İdarə Heyətinə Edqar Abdullayev rəhbərlik edəcək

Maliyyə
  • 30 oktyabr, 2025
  • 10:00
Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinə Edqar Abdullayev rəhbərlik edəcək

Oktyabrın 28-də "Azərbaycan Fintex Assosiasiyası"nın ("AzFina") İctimai Birliyinin Ümumi Yığıncağında, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələrinin iştirakı ilə keçirilmiş şəffaf, anonim seçki nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı "United Payment" MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Assosiasiyanın İdarə Heyətinin Sədri seçilib.

O, maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynayıb. Hazırda rəhbərlik etdiyi şirkət 2021-ci ildə təsis edilib və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.

Yeni rəhbərlik dövründə "AzFina" aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:

  • Fintex şirkətləri ilə requlyatorlar (AMB və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq;
  • Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək;
  • Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək;
  • Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək;
  • İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.

Bu təyinatla bağlı danışan E. Abdullayev bildirib: Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq".

Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində E.Abdullayevlə yanaşı, onun müavini olaraq Eynar Abdullayev ("GoldenPay" ASC) seçilib.

İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə ("Epoint.az"), İqbal Rüstəmov ("PashaPay") və Rasim Həmmədov ("Expresspay") təyin edilib.

Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə ("PulPal" – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva ("Max Systems" MMC) və Murad Mirzə (akart.az) olub.

"AzFina" ölkədə AMB ilə birgə açıq bankçılıq platformasının genişləndirilməsi, rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.

Son xəbərlər

Bütün Xəbər Lenti