Azərbaycan EBRD ilə su ehtiyatının idarə edilməsi sahəsində gələcək planları müzakirə edib

Maliyyə
  • 13 noyabr, 2025
  • 09:43
Azərbaycan EBRD ilə su ehtiyatının idarə edilməsi sahəsində gələcək planları müzakirə edib

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə ölkədə su ehtiyatlarının idarə edilməsi sahəsində layihələr üzrə gələcək planları müzakirə edib.

"Report"un məlumatına görə, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, onlayn görüşdə nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin nümayəndələri və EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravizde iştirak edib.

"Görüş zamanı Azərbaycanda, xüsusilə də EBRD-nin "Yaşıl şəhərlər" proqramının iştirakçısı olan Gəncə şəhərində su ehtiyatlarının və bərk tullantıların idarə edilməsi sahəsində layihələrin hazırkı gedişatı və gələcək planlar müzakirə olunub", - müşavir paylaşımında qeyd edib.

Bundan əlavə, görüşdə şəhər su infrastrukturunun təkmilləşdirilməsi, su təchizatının səmərəliliyinin artırılması və tullantıların idarə edilməsi sistemlərinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib.

"Biz Azərbaycanın böyük şəhərlərində həyati əhəmiyyətli infrastrukturun modernləşdirilməsinə dair səylərinin dəstəklənməsində EBRD-nin davam edən tərəfdaşlığını və texniki təcrübəsini yüksək qiymətləndiririk", - Ə.Ələkbərov qeyd edib.

Bu il sentyabrın 30-na EBRD-nin Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro qiymətləndirilir. EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i və yaxud 842 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 56 milyon avrosu maliyyə institutlarına, 5 %-i və yaxud 49 milyon avrosu isə korporativ sektora yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti