Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsi üçün qrant əldə edib
- 19 sentyabr, 2025
- 09:28

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsinin hazırlıq mərhələsi üçün qrant əldə edib.
"Report" xəbər verir ki, həmin vəsait hesabına Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanacaq.
Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.
Belə ki, məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və yenilənmiş texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi tədqiqatın təkmil etmək üçün tələb olunan əlavə təhlilləri həyata keçirəcək. Tapşırığa həmçinin hesabatların hazırlanması, baza göstəricilərinin yenilənməsi, bərk tullantıların vahid idarə olunması üzrə investisiya ssenarilərinin hazırlanması, maliyyə- iqtisadi təhlillərin aparılması, konseptual layihənin hazırlanması və texniki-iqtisadi əsaslandırmanın yenilənməsi daxildir.
Xidmətin ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına bu ilin noyabr ayında başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dollarıdır. İcraçı qurum İqtisadiyyat Nazirliyidir.