Azərbaycan ADB-nin Buzlaqların Əriməsi üzrə Uyğunlaşma Proqramı çərçivəsində maliyyələşdirilə bilər

Maliyyə
  • 29 oktyabr, 2025
  • 10:55
Azərbaycan ADB-nin Buzlaqların Əriməsi üzrə Uyğunlaşma Proqramı çərçivəsində maliyyələşdirilə bilər

Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (ADB) "Buzlaqlardan Təsərrüfatlara" proqramı üçün 250 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

"Report" Banka istinadən xəbər verir ki, uyğunlaşmaya dair aparıcı proqramın əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanın buzlaqlardan asılı olan ərazilərində yaşayan həssas icmalar üçün dayanıqlı su və kənd təsərrüfatı sistemlərinin yaradılmasıdır.

YİF-in ayırdığı vəsait əsasən qrantlar şəklində təqdim olunacaq və proqramın əhatə etdiyi ölkələr tərəfindən müəyyən edilmiş bir sıra layihələr üçün ADB-nin növbəti 10 il ərzində nəzərdə tutduğu 3,25 milyard ABŞ dolları həcmindəki vəsaitlə birgə investisya olunacaq. Buzlaqların sürətlə əriməsinə görə artan quraqlıqlar və ya daşqınlar fonunda səmərəli suvarma, su anbarlarının yaradılması və su hövzələrinin idarə olunmasına investisiya ayrılacaq və bu layihələr kənd təsərrüfatında məhsuldarlığı artırmağa kömək edəcək.

AİB-in Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd yerlərinin İnkişafı Departamentinin direktoru Yasmin Siddiqi bildirib ki, buzlaqların sürətlə azalması bölgənin üzləşdiyi ən mürəkkəb inkişaf problemlərindən biridir: "İcmaların uyğunlaşmasına kömək etmək üçün praktik, miqyaslı və elmə əsaslanan həllərə ehtiyacımız var. YİF-in katalitik dəstəyi ilə "Buzlaqlardan Təsərrüfatlara" təşəbbüsü regionun pərakəndə layihələrə deyil, insanları və həyat şəraitini həm indi, həm də gələcək nəsillər üçün qoruyan sistemli və uzunmüddətli dayanıqlılığa yönəlməsinə kömək edəcək."

"Buzlaqlardan Təsərrüfatlara" təşəbbüsü ADB-nin inkişaf etməkdə olan 9 üzv ölkəsini – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı – əhatə edir. Bu ölkələrin hamısında kənd təsərrüfatı, içməli su və elektrik enerjisinin istehsalı buzlaq və qar sularından qidalanan çaylardan asılıdır. Buzlaqların sürətlə əriməsi bu xidmətlər və həyat şəraiti üçün təhlükədir, habelə təxminən hər dörd iş yerindən birinin kənd təsərrüfatı sahəsində olduğu bu ölkələr üçün ciddi çağırışdır.

Proqram buzlaqla qidalanan dörd çay hövzəsinə – Mərkəzi Asiyada Narın və Pyanc, Cənubi Qafqazda Kür və Pakistanda Svat çaylarına – diqqət yetirəcək və təxminən 27 milyon hektar ərazini əhatə edəcək.

Ucqar dağlıq ərazilərdə yaşayan fermerlər və həssas əhali də daxil olmaqla, təxminən 13 milyon insan proqramdan birbaşa faydalanacaq. Bu təşəbbüs milli inkişaf planları və investisiya istiqamətlərinin müəyyənləşdirilməsində vacib amil olan iqlim və buzlaqlar üzrə qiymətləndirmələrə dəstək olacaq. Proqram həmçinin, müşahidə və erkən xəbərdarlıq sistemlərini gücləndirəcək ki, bu da icmaların buzlaq göllərinin daşması və uzunmüddətli quraqlıq kimi təbii fəlakətlərin təsirlərini idarə etməsinə kömək olacaq.

"Buzlaqlardan Təsərrüfatlara" təşəbbüsü kənd təsərrüfatı ilə yanaşı su qıtlığı və ekstremal istilik dalğalarının təsirlərinə məruz qalan həssas icmalar üçün adaptiv sosial müdafiə mexanizmlərinə və səhiyyə xidmətlərinə dəstək verəcək. Proqram, həm də yerli bankların potensialını gücləndirərək, xüsusilə qadınlar tərəfindən idarə olunan kənd təsərrüfatı müəssisələrinə dəstək olacaq.

YİF-in Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq Regionu Departamentinin direktoru Thomas Eriksson bildirib ki, "Buzlaqlardan Təsərrüfatlara" proqramı genişmiqyaslı, innovativ və birgə səylərə nümunədir. Bu səylər iqlimin buzlaqlardan qidalanan su sistemlərinə təsirlərini idarə etmək üçün Mərkəzi və Qərbi Asiya ölkələrinin uyğunlaşmaya dair planlaşdırmanı və əməkdaşlığı gücləndirməsinə kömək edəcək: "Bu proqram regiondakı su və qida sistemləri üzrə uzunmüddətli dayanıqlılığa nail olmaq üçün məlumatların, koordinasiyanın və maliyyə hazırlığının yaxşılaşdırılması ilə transformativ bir etalon yaradır."

Dünyanın ən böyük iqlim fondu olan YİF, 29 oktyabr tarixində keçirilən İdarə Heyətinin 43-cü iclasında "Buzlaqlardan Təsərrüfatlara" proqramı üçün güzəştli maliyyələşdirməni təsdiqləyib. 2024-cü ildə YİF tərəfindən maliyyələşdirilən buzlaqlara dair riskin qiymətləndirilməsi proqramın elmi və texniki əsasını formalaşdırmağa kömək edib.

ADB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. ADB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. ADB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti