"Azəralüminium"un xalis mənfəəti 6 dəfəyə yaxın artıb
- 26 sentyabr, 2025
- 10:29

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC 2024-cü ili 17,557 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 5,7 dəfə çoxdur.
Ötən il "Azəralüminium"un satışdan gəlirləri 249,331 milyon manat (əvvəlki ilə nisbətən 0,8 % çox), satışının maya dəyəri 223,314 milyon manat (5,3 % az), ümumi və inzibati xərcləri 6,525 milyon manat (14,5 % çox), satış və paylanma xərcləri 3,017 milyon manat (48,8 % az), gözlənilən kredit zərərləri üzrə ehtiyatın bərpası 3,744 milyon manat (3,1 dəfə çox), digər gəlirləri 1,604 milyon manat (45,3 % az), mənfəət vergisi ödəmələri 4,268 milyon manat (3,8 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəralüminium"un aktivləri 383,734 milyon manat olub ki, bu da illik müqayisədə 4,5 % çoxdur. Hesabat dövrünə "Azəralüminium"un öhdəlikləri 4 % azalaraq 22,921 milyon manata düşüb, balans kapitalı isə 5,1 % artaraq 360,813 milyon manata, o cümlədən nizamnamə kapitalı cüzi artaraq 282,264 milyon manata çatıb.
Xatırladaq ki, "Azəralüminium" 2018-ci ildə dövlət qeydiyyatına alınıb, ötən ilin sonuna qədər "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin tabeliyində olub. Korporasiya Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilib.