"Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb
- 15 oktyabr, 2025
- 18:14

"Azər-Türk Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 9,376 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 49 % və yaxud təxminən 2 dəfə azdır.
9 ay ərzində "Azər-Türk Bank"ın gəlirləri 125,325 milyon manat (illik müqayisədə 17,7 % çox), xərcləri 107,728 milyon manat (35,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,901 milyon manat (50,2 % çox), mənfəət vergisi ödəmələri isə 2,32 milyon manat (49,8 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə "Azər-Türk Bank"ın aktivləri 1 milyard 849,217 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,4 % çoxdur. Bunun 770,442 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,6 % böyüyüb.
Hesabat dövründə "Azər-Türk Bank"ın öhdəlikləri 19,9 % artaraq 1 milyard 732,767 milyon manata, o cümlədən depozit portfeli 28 % artaraq 1 milyard 187,937 milyon manata, balans kapitalı isə 12,2 % artaraq 116,45 milyon manata, o cümlədən nizamnamə kapitalı 58 % artaraq 79 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Dövlət Neft Şirkətinə (SOCAR), 24%-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.