Asiya İnkişaf Bankı Türkiyə üçün ilk maliyyə paketini təsdiqləyib
- 13 noyabr, 2025
- 19:14
Asiya İnkişaf Bankı (AİB) Türkiyə ilə əməkdaşlığın yeni mərhələsi çərçivəsində ilk maliyyə paketini təsdiqləyib.
"Report" AİB-yə istinadən xəbər verir ki, paketə ölkənin zəlzələdən sonra bərpa səylərini dəstəkləmək üçün 150 milyon avro məbləğində suveren kredit, həmçinin "Akbank" və "Denizbank" üçün hər biri 100 milyon ABŞ dolları məbləğində iki qeyri-suveren maliyyə aləti daxildir.
Bu çərçivədə AİB ilə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi suveren kreditin verilməsi ilə bağlı ilk sazişi imzalayıblar.
Bu gün AİB prezidenti Masato Kanda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər milli inkişaf gündəliyinin birgə həyata keçirilməsinə sadiqliklərini təsdiqləyiblər və bankın 2026 və 2027-ci illərdə layihə maliyyələşdirilməsi üçün hər il 3 milyard ABŞ dolları ayırmaq niyyətində olduğu barədə razılaşıblar.
M.Kanda görüş zamanı bildirib: "AİB Türkiyənin uzunmüddətli inkişafını və dayanıqlılığını dəstəkləmək imkanından məmnundur. Şərq və Qərbi birləşdirən strateji mövqeyi, bilik və təcrübə zənginliyi sayəsində Türkiyə regionun inkişafında əsas rol oynaya bilər".
Bank Türkiyədə rəsmi fəaliyyətə başlayaraq 2025–2027-ci illəri əhatə edən Müvəqqəti Ölkə Tərəfdaşlığı Strategiyasını (ICPS) işə salıb.
Bankın bəyanatında qeyd olunur: "AİB hökumətlə sıx əməkdaşlıq edərək iqtisadi dayanıqlılığı gücləndirməyə, regional əlaqəliliyi artırmağa və özəl investisiyaları səfərbər etməyə yönəlmiş etibarlı layihə portfelinin formalaşdırılması üzərində çalışır".
M.Kanda həmçinin 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələdən sonra hökumətin iqtisadiyyatı sabitləşdirmə səylərini vurğulayıb: "Bu tədbirləri dəstəkləmək üçün AİB 2026-cı ildən başlayaraq maliyyələşdirmə həcmini artıracaq və ölkənin inkişafına töhfə verən mühüm həllər təqdim edəcək. Biz Türkiyədə sahibkarlığı dəstəkləməyə, kapitalı səfərbər etməyə, qlobal təcrübəni yaymağa və "yaşıl" inkişafı sürətləndirmək, maliyyə inklüzivliyini artırmaq və əlaqəliliyi gücləndirmək üçün tərəfdaşlıqlar qurmağa hazırıq".
Bundan əlavə, AİB Türkiyədə yalnız dövlət sektoru ilə deyil, həm də özəl sektorla əməkdaşlığı genişləndirməyi və investisiya əməkdaşlığını gücləndirməyi planlaşdırır.
Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb, baş ofisi Filippinin Manila şəhərində yerləşir. Bankın səhmdarları arasında 69 ölkə var, onlardan 50-si Asiya-Sakit okean regionuna aiddir.