ARDNF "PAL Cooling Holding"ə sərmayə yatırıb

Maliyyə
  • 28 yanvar, 2026
  • 15:07
ARDNF PAL Cooling Holdingə sərmayə yatırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu ("TAEF") "CVC DIF" ilə tərəfdaşlıq çərçivəsində, "DIF VII" fondunun "PAL Cooling Holding" ("PAL") şirkətində 50 %-lik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.

"Report" Fonda istinadən xəbər verir ki, "TAEF" və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri "CVC"-nin infrastruktur strategiyası olan "CVC DIF" və "Tabreed" dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan "PAL Cooling Holding"in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, "CVC DIF" və "Tabreed" tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə "PAL" şirkəti 50/50 %-lik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi təşkil edib.

"PAL Cooling Holding" BƏƏ-də mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. "PAL" ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

"TAEF" və ARDNF-nin "CVC DIF" ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək "PAL"ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.

"Tabreed" isə "CVC DIF" ilə birgə müəssisədə 50 %-lik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən "Tabreed" BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, "Dubai Financial Market"-də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.

"TAEF"in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib ki, "PAL" layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində "CVC" və ARDNF ilə tərəfdaşlıq etməkdən məmnundurlar: "Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq "TAEF"-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir."

ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib ki, bu mühüm layihədə iştirak ARDNF-nin BƏƏ-də və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir: "Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq."

"CVC DIF"-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis isə bildirib ki, ARDNF və "TAEF" ilə qurulan bu tərəfdaşlığı yüksək qiymətləndirirlər: "Bu əməkdaşlıq "CVC"nin regiona, xüsusilə də BƏƏ-yə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. "PAL Cooling" yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir."

Qeyd edək ki, Ərəb Enerji Fondu ("TAEF") Yaxın Şərq və Şimali Afrika regionunda enerji və kommunal xidmətlər sahəsində fəaliyyət göstərən çoxtərəfli maliyyə institutudur. Fond 1974-cü ildə neft ixrac edən on ərəb ölkəsinin təşəbbüsü ilə təsis edilib. "TAEF" regionun enerji sektorunun inkişafını dəstəkləmək məqsədilə kredit və pay iştirakı alətləri vasitəsilə maliyyələşdirmə həyata keçirir. Fondun fəaliyyəti enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, dayanıqlı enerji həllərinin təşviqinə, eləcə də "MENA" regionunda yerli dəyər zəncirlərinin və xidmətlərin genişləndirilməsinə yönəlib. Fond 35-dən artıq bazarda dövlət və özəl sektorun aparıcı tərəfdaşları ilə əməkdaşlıq edir və enerji dəyər zəncirinin bütün mərhələlərini əhatə edən kompleks maliyyə həlləri təqdim edir. "TAEF" fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) prinsiplərini əsas götürür. Ətraf mühit və sosial yönümlü layihələr Fondun 5,8 milyard ABŞ dolları həcmində kredit portfelinin təxminən 20 faizini təşkil edir. Ərəb Enerji Fondu "MENA" regionunda yalnız enerji sektoruna fokuslanan və beynəlxalq kredit reytinqlərinə malik yeganə maliyyə institutudur. Fond "Moody"s" tərəfindən "Aa2", "Fitch" tərəfindən "AA+"," S&P" tərəfindən isə "AA-" reytinqləri ilə qiymətləndirilib.

Xatırladaq ki, 1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

"CVC DIF" qlobal miqyasda orta bazar seqmentində infrastruktur üzrə fəaliyyət göstərən aparıcı özəl kapital fond meneceridir. 2005-ci ildə təsis olunan və baş ofisi Niderlandın Amsterdam şəhərində yerləşən "CVC DIF" hazırda enerji keçidi, nəqliyyat, kommunal xidmətlər və rəqəmsallaşma sahələrində təxminən 19 milyard avro həcmində infrastruktur aktivlərini idarə edir. 12 ölkədə yerləşən ofislərində 250-dən çox əməkdaşı olan şirkət qlobal fəaliyyətini güclü yerli şəbəkələr, eləcə də sahə üzrə ixtisaslaşmış investisiya imkanları ilə birləşdirən unikal bazar yanaşması təklif edir. "CVC DIF" qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri olan "CVC"-nin infrastruktur strategiyasını təşkil edir. Bu tərəfdaşlıq "CVC DIF"ə "CVC"nin altı qitədə yerləşən 30 ofisi vasitəsilə formalaşmış geniş qlobal platformasından faydalanmaq imkanı yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti