ARDNF qızıl satışını dayandırıb
- 23 iyul, 2026
- 13:03
Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl satmayıb və qızıl ehtiyatlarını 178,1 ton saxlayıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Bununla belə, bu il iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4 % olub ki, bu da aprelin 1-nə nisbətən 4,2 faiz bəndi azdır. 2025-ci ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub.
Fondun bu il üçün təsdiq olunmuş investisiya portfelinə əsasən, qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 %-ə qədəri ola bilər.
Bu il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 9,1 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 72 milyard 596 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.