AQP rəsmisi: "Palata birgə qiymətləndirmə standartlarının yenilənməsi üzərində işləyir"
- 28 oktyabr, 2025
- 13:29
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) həm yerli, həm də xarici ekspertlərlə birgə qiymətləndirmə standartlarının yenilənməsi və təlim materiallarının hazırlanması üzərində işləyir.
Bunu "Report"a açıqlamasında AQP-nin sədr müavini Ayan Qəmbərova bildirib.
Onun sözlərinə görə, Palatanın əsas məqsədi beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl metodoloji yanaşmaların tətbiqi və Azərbaycanın qiymətləndirmə sisteminin qlobal peşə standartlarına tam inteqrasiyasını təmin etməkdir: "Biz istəyirik ki, yerli qiymətləndirmə sektoru beynəlxalq mühitdə rəqabətqabiliyyətli olsun və dünya standartlarına uyğun fəaliyyət göstərsin. Qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın mühüm tərkib hissəsidir. Ölkəmizin investisiya mühitinə, maliyyə bazarlarının sabitliyinə və sahibkarlıq sektorunun şəffaf inkişafına birbaşa təsir göstərir. Buna görə də biz fəaliyyətimizdə beynəlxalq standartların tətbiqinə, qiymətləndirmə proseslərinin şəffaflığının artırılmasına və peşəkar bacarıqların təkmilləşdirilməsinə xüsusi önəm veririk".
O qeyd edib ki, hazırda Azərbaycan Qiymətləndiricilər Palatası Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin (IVSC) üzvüdür: "Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupu (TEGoVA) və digər nüfuzlu qurumlarla fəal əməkdaşlığın qurulması istiqamətində iş aparırıq. Bu əməkdaşlıq təkcə təcrübə mübadiləsini deyil, eləcə də Azərbaycan qiymətləndirmə institutunun beynəlxalq səviyyədə tanıdılması və mövqeyinin gücləndirilməsini nəzərdə tutur".
A.Qəmbərova deyib ki, beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələr çərçivəsində ixtisasartırma proqramlarının təşkili, seminarların keçirilməsi və birgə layihələrin icrası nəzərdə tutulub: "Bu əməkdaşlıqlar yerli qiymətləndiricilərin bilik və bacarıqlarının artırılmasına, qiymətləndirmə sənayesinin institusional inkişafına və ümumilikdə sahənin reputasiyasının möhkəmlənməsinə xidmət edir. Beynəlxalq inteqrasiyanın vacib istiqamətlərindən biri normativ və metodoloji bazanın beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Bu məqsədlə Palata həm yerli, həm də xarici ekspertlərlə birgə qiymətləndirmə standartlarının yenilənməsi və təlim materiallarının hazırlanması üzərində işləyir. Əsas məramımız ondan ibarətdir ki, Azərbaycanda hazırlanmış qiymətləndirmə hesabatları istənilən beynəlxalq platformada qəbul edilsin və yerli qiymətləndiricilər qlobal səviyyədə legitimlik qazansınlar. Bu, həm ölkə iqtisadiyyatı, həm də qiymətləndirmə peşəsinin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır".
Sədr müavini sonda vurğulayıb ki, Azərbaycan Qiymətləndiricilər Palatası beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və beynəlxalq standartlara keçid prosesinin sürətləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək: "Bu proses Azərbaycanın qiymətləndirmə sektorunu keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və ölkəmizi regionda peşəkar qiymətləndirmə mərkəzlərindən birinə çevirəcək".