AMB rəsmisi: "EBRD-nin istiqraz buraxılışı yerli kapital bazarına beynəlxalq etimadın göstəricisidir"
- 06 oktyabr, 2025
- 14:53

Oktyabrın 1-də Azərbaycanın kapital bazarında çox önəmli bir hadisə baş verdi.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) manatda ilk istiqraz emisssiyanı reallaşdırdı. Ümumi dəyəri 50 milyon manat olan istiqrazlara tələb təklifdən 10 % çox oldu və qiymətli kağızlar uğurla yerləşdirildi. Bu emissiya həm də onunla əlamatdar oldu ki, ilk dəfə Azərbaycanda istiqrazlara görə faizlər əvvəlcədən müəyyən edilmiş həddə deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi AZİR indeksinə uyğun (hazırda illik 7 %-ə yaxındır) ödəniləcək. Emissiya və onun yerli kapital bazarı üçün doğura biləcəyi nəticələr barədə "Report"un suallarını AMB-nin baş direktoru Elrad Seydiyev cavablandırıb:
- EBRD-nin manatda istiqraz buraxılışının Azərbaycan maliyyə bazarları üçün hansı əhəmiyyət daşıyır?
- Bu istiqrazların dövlət qeydiyyata alınması və "Bakı Fond Birjası" QSC-də uğurla yerləşdirilməsi, yerli maliyyə bazarlarımız üçün iki aspektdən əlamətdar hesab olunur. Birincisi, ilk dəfədir ki, AAA reytinqinə malik beynəlxalq maliyyə qurumu Azərbaycanda yerli investorlar üçün manatda istiqraz buraxır. Bu hadisəni yerli kapital bazarında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Nüfuzlu beynəlxalq maliyyə institutunun göstərdiyi etimad yerli bazarda likvidliyin və şəffaflığın göstəricisidir. Bu buraxılış digər beynəlxalq emitentlər üçün də manatda istiqraz buraxılışına zəmin yarada bilər.
İkincisi isə, istiqrazların gəlirliliyi sabit deyil, üzən faiz dərəcəsi əsasında müəyyən olunacaq. Belə ki, istiqrazlar üzrə faiz dərəcəsi AMB-nin açıqladığı və banklararası təminatsız pul bazarında bağlanan qısamüddətli əqdlər üzrə ortaçəkili faiz dərəcəsi olan AZIR indeksinə bağlanacaq. Yəni, biz ilk dəfə yerli kapital bazarında üzən faiz dərəcəli istiqrazlara şahidlik edirik.
- Necə oldu ki, beynəlxalq maliyyə institutu yerli kapital bazarında manatla və üzən faiz dərəcəsi ilə istiqraz buraxılışına qərar verdi?
- Bu gün EBRD kimi nüfuzlu təşkilatın manatda və üzən faiz dərəcəsi ilə istiqraz yerləşdirməsi təsadüfi hal deyil. Son illərdə AMB iki istiqamətdə - həm kapital bazarının inkişafı, həm də manatda bençmark faiz dərəcəsinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb. Qurumun "2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda da kapital bazarı üzrə hədəflər müəyyən edilib. Qeyd olunan buraxılış bu istiqamətdə indiyədək görülmüş işlərin nəticələrindən biridir.
Bundan əlavə, son illərdə AMB-nin həyata keçirdiyi pul siyasəti nəticəsində banklararası qısamüddətli təminatsız pul bazarı formalaşdırılıb, AZIR indeksi təsis edilib və onun hesablanması beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Hazırda AZIR 1 iş günlük müddətə bağlanan banklararası əqdlərin orta faiz dərəcəsini əks etdirir və AMB-nin pul siyasəti qərarlarında getdikcə daha mühüm rol oynayır. AZIR faiz dərəcəsinə istinad olunan qiymətli kağızların buraxılışı və onlara investorların yüksək marağının olması indeksin etibarlı bençmark kimi qəbul olunduğunu göstərir. Üzən faizli istiqrazların buraxılışı AZIR-in maliyyə alətlərində praktiki tətbiqi üçün başlanğıcdır və gələcəkdə bu indeksə bağlı yeni maliyyə alətlərinin meydana çıxması üçün zəmin yaradır.
Həmçinin, AMB beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlarının emissiyasını və tədavülünü tənzimləyən qaydaları təsdiq etməklə, bu qurumların yerli bazarda istiqraz buraxılışı prosesini tənzimləməyə başlayıb. Bu da beynəlxalq institutların Azərbaycan kapital bazarında iştirakını təşviq edən addımlardan biri olub.
- Ümumilikdə bu istiqrazların buraxılışı yerli kapital bazarı üçün hansı perspektivlər vəd edir?
- Qeyd olunan istiqrazların buraxılışı yerli kapital bazarı üçün mühüm hadisədir. Bu addım maliyyə alətlərinin diversifikasiyasına töhfə verəcək, digər emitentlərin bazara marağını artıraraq, onlar üçün yeni stimul yaradacaq. Ümumilikdə isə bu proses Azərbaycanın maliyyə ekosistemində şəffaflıq və rəqabət mühitini gücləndirəcək, bazarın inkişafı üçün yeni imkanlar açacaq.