AMB maliyyə qurumlarından "yaşıl portfel"lərini açıqlamağı tələb edəcək

Maliyyə
  • 12 noyabr, 2025
  • 15:04
AMB maliyyə qurumlarından yaşıl portfellərini açıqlamağı tələb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il maliyyə qurumlarından "yaşıl" və dayanıqlı portfellərini açıqlamağa başlamalarını tələb edəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, kiçik və orta biznes (KOB) iqtisadiyyatın təməlidir: "Onlar məşğulluq, innovasiya və inklüziv inkişaf baxımından vacib oyunçulardır. KOB-lar həmçinin dayanıqlılıq, iqlim hədəflərinə çatmaq baxımından vacib oyunçulardır. Buna görə də KOB-ların yaşıllaşdırılması vacibdir. İndiyə qədər, qlobal səviyyədə "yaşıl siyasət"lər əsasən böyük şirkətlərə yönəlib. Taksonomiya standartları da bu tələblərə uyğun olaraq hazırlanıb. Lakin biz bilirik ki, KOB-lar atmosferə buraxılan emissiyaların əhəmiyyətli bir hissəsini təşkil edirlər".

O əlavə edib ki, "yaşıl keçid"in və dayanıqlılığın KOB siyasətlərinə daxil edilməsi vacibdir: "Azərbaycanda və dünyada KOB-ların yaşıllaşdırılmasında qarşılaşdığımız ilk problem yenə də məlumat, "yaşıl texnologiya"lar və "yaşıl maliyyələşdirmə" alətləri haqqında bilik çatışmazlığıdır. KOB-lar üçün ikinci problem isə xərclərdir. "Yaşıl texnologiya"lar adətən ənənəvi texnologiyalardan daha bahadır".

R.Tahirov qeyd edib ki, Mərkəzi Bank "yaşıl keçid" istiqamətdə səylərini davam etdirəcək: "Bu il maliyyə qurumlarından yaşıl və dayanıqlı portfellərini açıqlamağa başlamalarını tələb edəcəyik. Maliyyə qurumlarının "yaşıl fəaliyyətləri"ni gücləndirməklə KOB sektorunun da yaşıllaşdırılmasına töhfə verə biləcəyimizi düşünürük".

Son xəbərlər

Bütün Xəbər Lenti