ADB prezidenti Bakıda səfərdədir

Maliyyə
  • 14 noyabr, 2025
  • 11:57
ADB prezidenti Bakıda səfərdədir

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Bakıda səfərdədir.

"Report"un məlumatına görə, M.Kanda bu barədə öz sosial şəbəkə səhifəsində bildirib.

"Mən Bakıya Azərbaycanın Asiya və Avropa arasında strateji körpü rolunu gücləndirdiyi bir vaxtda gəldim. Ölkə yeni nəqliyyat dəhlizlərini təşviq edir, bərpa olunan enerjinin inkişafını sürətləndirir və iqtisadi diversifikasiyanı dərinləşdirir. Bu səylər ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar açır", - o qeyd edib.

ADB rəhbərinin sözlərinə görə, səfər region və ölkə üçün vacib dövrdə həyata keçirilir: "Qarşıdakı günlərdə ADB-nin bu dəyişiklikləri necə dəstəkləyə biləcəyini müzakirə etmək üçün hökumət üzvləri və ölkədəki tərəfdaşlarla görüşəcəyəm".

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür, bu müddət ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib.

Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti