Orta Dəhliz və ""Yaşıl Enerji Dəhlizi" ADB-nin diqqət mərkəzindər

Maliyyə
  • 14 noyabr, 2025
  • 16:59
Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi ADB-nin diqqət mərkəzindər

Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyasını müzakirə edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir, ADB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb. Bu, onun Azərbaycana ilk rəsmi səfəridir.

S.Babayev ADB ilə uzunmüddətli və səmərəli əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinə doğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir ADB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Azərbaycanın cari iqtisadi vəziyyəti və makroiqtisadi göstəriciləri barədə məlumat verən S.Babayev bildirib ki, ölkə iqtisadiyyatında və xüsusilə qeyri-neft sektorunda müsbət inkişaf dinamikası müşahidə olunur, strateji valyuta ehtiyatları yüksək səviyyədədir və dövlət borcu kifayət qədər aşağı həddədir.

Görüşdə ADB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.

Tərəflər "Bakı Metropoliteni"nin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar. Bu çərçivədə ADB-nin Orta Dəhliz və ""Yaşıl Enerji Dəhlizi" kimi strateji regional layihələrə inteqrasiyası da diqqət mərkəzində olub.

Görüş zamanı Azərbaycanın ADB-nin yoxsulluğun azaldılması və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirli ölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildən etibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəylik siyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmin göstəricisidir.

M.Kanda bildirib ki, ADB Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik, rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti