ADB Bakı metrosunun dekarbonizasiyası çərçivəsində tender elan edib
- 13 oktyabr, 2025
- 17:47

Asiya İnkişaf Bankı (ADB) "Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası" layihəsinin həyata keçirilməsi üçün tender elan edib.
Bu barədə "Report" ADB-yə istinadən məlumat yayıb.
Konsaltinq xidmətlərinin yerinə yetirilmə müddəti 12 ay, layihənin ümumi büdcəsi isə 400 min ABŞ dolları təşkil edəcək. Ərizələrin təqdim edilməsinin son müddəti oktyabrın 25-dir, işlərin başlanmasının isə dekabrın 1-nə planlaşdırıldığı bildirilir.
ADB hesab edir ki, Bakı metrosu paytaxtın ictimai nəqliyyat sistemində mühüm rol oynayır, şəhər mobilliyinin əsasını təmin edir və yerüstü nəqliyyat növlərinə aşağı karbonlu alternativ təklif edir.
"Bakı metrosu 41 kilometrə yaxın uzunluğu olan üç xətt istismar edir və 27 stansiya ilə xidmət göstərir. 2000-ci ildən sərnişin axını ildə orta hesabla 5 % artaraq 2024-cü ildə təxminən gündə 630 minə çatıb. Azərbaycan hökuməti metro şəbəkəsinin genişləndirilməsi və enerji infrastrukturunun modernləşdirilməsinə təxminən 2,5 milyard ABŞ dolları yönəltməyi planlaşdırır", - bankın hesabatında qeyd olunub.
ADB hesab edir ki, bu investisiyaların davamlılığını və səmərəliliyini təmin etmək üçün "Bakı Metropoliteni"nə texniki dəstək lazımdır. Bu isə enerji səmərəliliyi, rəqəmsallaşdırma və aktivlərin idarə edilməsi sahəsində innovativ həllərin qiymətləndirilməsi və işlənib hazırlanmasına yönələcək.
"ADB-in texniki yardımı Bakı metrosunun ağıllı, davamlı və maliyyə baxımından həyat qabiliyyətli şəhər nəqliyyat sisteminə çevrilməsinə kömək edəcək. Dəstək "təmiz enerji" tətbiqinə, enerji səmərəliliyinin artırılmasına və enerji idarəçiliyinin optimallaşdırılmasına yönəlib. Bu, elektrik enerjisi itkisini, karbon dioksid emissiyalarını və əməliyyat xərclərini azaltmağa, dövlət subsidiyalarından asılılığı azaltmağa və Azərbaycanın milli səviyyədə müəyyən edilmiş töhfələrinin yerinə yetirilməsinə kömək edəcək", - bankdan vurğulanıb.
Layihə çərçivəsində infrastrukturun modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş qurğuları və enerji saxlanc sistemlərinin inteqrasiyası potensialının qiymətləndirilməsi planlaşdırılır.
"Texniki tapşırıq çərçivəsində iqtisadi, texniki və institusional qiymətləndirmələrin aparılması, Bakı Metropoliteninə 2,5 milyard dollarlıq genişlənmə planına uyğun şəkildə investisiyaya hazır layihə komponentlərinin işlənməsində dəstək göstərilməsi, eləcə də davamlı reallaşdırma üçün potensialın artırılması nəzərdə tutulur", - hesabatda bildirilib.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.
ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.