ABB investorlara müraciət edib
- 31 yanvar, 2017
- 06:18
Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) investorlar üçün press-reliz yayıb.
“Report”un məlumatına görə, press-relizdə Bankın əsas səhmdarı olan Azərbaycan hökumətinin 2015-2016-cı illər ərzində milli valyutanın devalvasiyaya uğraması nəticəsində ABB-nin üzləşdiyi problemlərin həlli məqsədilə ona verdiyi dəstəkdən söhbət açılır.
Qeyd edilir ki, hökumətin dəstək tədbirləri Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli fərmanı çərçivəsində ABB-nin problemli aktivlərinin dövlətə məxsus “Aqrarkredit” QSC-yə ötürülməsi və bunun müqabilində Banka 10 mlrd. manat likvid vəsaitin ayrılması, hökumətin ABB-nin səhmlərində iştirak payını artırması hesabına Bankın nizamnamə kapitalının yüksəldilməsi, eləcə də Azərbaycan Dövlət Neft Fondunun Bankda 1 mlrd. ABŞ dolları məbləğində depozit yerləşdirməsi kimi üç istiqaməti əhatə edir.
Hökumət dəstəyinin əsas məqsədi ABB-nin kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət olsa da, bu prosesin təsirlərindən biri problemli aktivlərin “Aqrarkredit”ə ötürülməsi ilə ABB-nin valyuta mövqeyinin açılması və bunun nəticəsində manatın son devalvasiyalarının ABB-nin maliyyə mövqeyinə təsir göstərməsidir. Bu təsirlərin aradan qaldırılması və Bankın maliyyə mövqelərinin gücləndirilməsi üçün ABB hazırda hökumət qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışır. Bu fəaliyyət nəticəsində ABB-nin 600 mln. manat dəyərində səhmlərinin əlavə emissiyası və Maliyyə Nazirliyinin nizamnamə kapitalında iştirak payını artırması hesabına ABB-də dövlətə məxsus səhmlər 82,2%-dən 91,3%-ə çatıb (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%).
Hazırda hökumətin ABB-yə gələcək dəstək tədbirləri üzərində iş gedir. Eyni zamanda, Prezidentin 27 dekabr 2016-cı il tarixli fərmanında Maliyyə Sabitliyi Şurasına ABB-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlərin təsdiqlənərək icrası tapşırılıb, bunun üçün müvafiq vəsaitin ayrılması nəzərdə tutulub.
ABB hazırda digər hökumət qurumları ilə birgə Bankın fəaliyyəti üzrə məsləhətçinin təyin edilməsi prosesini həyata keçirməkdədir. Məsləhətçi görülmüş sağlamlaşdırma tədbirlərinin ABB-nin fəaliyyətindəki təsirlərini qiymətləndirəcək və gələcək fəaliyyət üçün lazımi addımları müəyyənləşdirəcək.