Azərbaycanla Almaniya arasında münasibətlər son illərdə yeni məzmun və daha geniş strateji çalarlar qazanaraq müxtəlif istiqamətlər üzrə inkişaf edir.
Bu münasibətlər heç də son illərdə formalaşmayıb, bunun ilk addımları hələ XIX əsrin əvvəllərində alman kolonistlərinin Azərbaycana köçməsi ilə atılıb. XIX əsrdən formalaşan tarixi-humanitar əlaqələr, Azərbaycanda qorunub saxlanılan alman irsi iki xalq arasında xüsusi bağların formalaşmasına səbəb olub. Bu gün Azərbaycan və Almaniya arasında əməkdaşlıq həm siyasi və iqtisadi maraqlara, həm də ortaq tarixi yaddaşa söykənən uzunmüddətli tərəfdaşlıq modeli kimi diqqət çəkir.
Ortaq tarixin izi ilə
XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçən alman ailələri Azərbaycanın sosial-iqtisadi həyatında olduqca mühüm rol oynayıblar. Belə ki, Çar Rusiyasının köçürmə siyasəti nəticəsində sözügedən ailələr əsasən indiki Göygöl, Şəmkir, Tovuz və Ağstafa rayonları ərazisində məskunlaşaraq yeni yaşayış məntəqələri salıblar.
Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar kəndində (indiki Göygöl şəhəri) salınan ilk alman koloniyası – Yelenendorfun yaradılması ilə bölgədə üzümçülük, şərabçılıq və kənd təsərrüfatının müxtəlif sahələri sürətlə inkişaf etməyə başlayıb. Buraya köçürülən almanlar özləri ilə Avropa təsərrüfat ənənələrini, yeni texnologiyaları və əmək mədəniyyətini gətirərək yerli iqtisadiyyatın canlanmasına böyük töhfə veriblər.
Sonrakı illərdə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir rayonu ərazisində Annenfeld, rayonun Çinarlı qəsəbəsində Georqsfeld, İrmaşlı kəndində Eygenfeld, Tovuz rayonunda Traubenfeld, Ağstafa şəhərində Yelizavetinka, Ağstafa rayonunun Vurğun qəsəbəsində Qrinfeld, Həsənsu kəndində isə Alekseyevka kimi yeni koloniyalarının yaranması bölgədə daha böyük canlanmaya səbəb olub.
Azərbaycanda yaşamış almanlar alman dilinin şvab və alleman dialektlərində danışırdılar. Şvablar etnik mənsubiyyətinə görə alman etnik qruplarından biridir və Almaniyanın Vürtemberq və Şvabiya tarixi əyalətində məskunlaşıblar. Azərbaycanda yaşadıqları 123 il müddətində bu dillərinin leksik tərkibinə rus və Azərbaycan dillərindən xeyli söz daxil edilib.
Almanlar bu dövrdə fabriklər, zavodlar, məktəblər, apteklər, tibb məntəqələri, teatrlar, otellər, kitabxanalar, kilsələr tikdirmiş, eyni zamanda telefon xətti çəkiblər. Alman şirkəti "Siemens & Halske" su elektrik stansiyası inşa edib, dəmir yolları və neft kəməri çəkib.
Statistikaya görə, XIX əsrin sonlarında bu şirkətin elektrik avadanlıqları, dəmir yolu nəqliyyatı və məişət texnikası istehsalı ilə məşğul olan müəssisələrinin payı 75%-ə yüksəlmişdi. 1905-1907-ci illərdə müəssisədə 6-8 min nəfər işləyirdi.
Almanlar kənd təsərrüfatı, memarlıq, sənətkarlıq, təhsil və ictimai həyatın inkişafında da mühüm iz buraxıblar. Ümumiyyətlə, bu koloniyalar Azərbaycanın multikultural tarixinin maraqlı səhifələrindən biri hesab olunur. Bu gün də Göygöl və Şəmkir bölgələrində alman irsini əks etdirən tikililər, kilsələr və qədim yaşayış məskənləri həmin dövrün canlı şahidi kimi qorunub saxlanılır.
Alman koloniyaları öz səliqəsi, təmizliyi və nümunəvi quruluşu ilə diqqət çəkirdi. Azərbaycan almanlarının gündəlik həyatı və məişətini araşdıran tədqiqatçılar yazırdılar ki, koloniya ağılla qurulmuş vahid bir orqanizm kimi fəaliyyət göstərirdi.
Nikolay fon der Nonne Bakının tarixinə şəhərin ilk baş planının yaradıcısı kimi daxil olub. Həmçinin fon der Nonne Bakının ilk şəhər mühəndisi olmuş, Bakının sanitariya məsələləri və şəhər kanalizasiya layihəsinin hazırlanması ilə fəal şəkildə məşğul olmağa başlamışdır.
Kədabəydə XIX əsrin ikinci yarısında Simens qardaşları mis filizinin çıxarılması və emalı ilə fəal məşğul olurdular. Bu gün də bu bölgədə Simens qardaşlarının filiz daşınması üçün tikdirdiyi körpülər qorunub saxlanmışdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi təntənəli qeyd edilib, bununla bağlı tədbirlər Parisdə YUNESCO-nun baş gərargahında, Berlin Humboldt Universitetində, Bakıda və Şəmkirda keçirilib.
"Die Brücke" Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin müdiri Ruslan Quliyev "Report"a açıqlamasında bildirib ki, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində parçalanmış halda olan Almaniya Napoleon müharibələrindən ciddi zərər çəkmişdi: "Xüsusilə cənub bölgələrində -Vürtemberq və Badendə vəziyyət daha ağır idi. Torpaqsızlıq, yüksək vergilər, hərbi çağırışlar, həmçinin 1816-cı ilin aclığı kəndlilərin yoxsullaşmasına və dini separatizmin artmasına səbəb olub. Elə həmin il məcburi köçkünlər Ştutqartdan keçən Rusiya imperatoru I Aleksandra müraciət edərək Qafqaza köçmək icazəsi aldılar. Cənubi Qafqazı yenicə işğal edən Rusiya imperiyası üçün isə bu köçkünlər bölgədə etibarlı ictimai-siyasi və dini dayaq rolunu oynaya bilərdi. Bu səbəbdən çar hökuməti almanların gəlişini hər cür dəstəkləyib".
R.Quliyev vurğulayıb ki, hazırda Azərbaycanda ən zəngin alman irsi Göygöldə qorunub saxlanıb: "Şəhərin tarixi hissəsinin memarlıq quruluşu demək olar ki, dəyişməyib. Burada parklar, 300-dən çox yaşayış binası, məktəb, texnikum, kilsə və sənaye tikililəri qalır. Xüsusilə Viktor Klaynın ev-muzeyini qeyd etmək istərdim.
Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin müdiri deyib ki, alman kənd icması yad bir mühitə inteqrasiya edərək milli kimliyini, daxili nizam-intizamını, təhsil və təsərrüfat sistemini necə qorumağın unikal modelidir: "Bu təcrübə bu gün xaricdə yaşayan diasporumuz üçün də faydalı ola bilər. Onların cəmiyyət kimi əsas dayaqları kilsə, məktəb, mədəniyyət evi və ailə institutu idi. Köhnə Göygölün dəqiq planlaşdırılmış küçələrində gəzərkən sanki XIX əsrə qayıdırsınız. Səliqəli evlər, lüteran kilsəsi, binaların daxili quruluşu sakinlərin həyat tərzindən bəhs edir. Evlərin interyerindəki tavana ucalan zərif kaminlər sahiblərinin estetik zövqünü və maddi rifahını göstərir. Helenendorfun yerüstü gözəlliyi qədər yeraltı infrastrukturu da heyranedicidir. Üzümçülük təsərrüfatı üçün demək olar ki, hər bir evin altında geniş yeraltı şərab anbarları tikilmişdi. Bəzi evlərin yeraltı tunellərlə bir-birinə bağlanması isə dövrün yüksək mühəndislik düşüncəsinin bariz nümunəsidir".
O, Azərbaycandakı alman irsinin turizm sahəsində daha geniş təbliğ edilməsinin vacib olduğunu hesab edir: "Bu, bizim mədəni turizm marşrutlarımızın içində hələ tam kəşf edilməmiş gizli bir xəzinədir. Bu mövzunu aktiv şəkildə işıqlandırmaqla həm çoxmədəniyyətli tariximizi, həm də ölkəmizin daxili turizm potensialını beynəlxalq səviyyədə tanıda bilərik".
Həmsöhbətimiz vurğulayıb ki, alman-Azərbaycan tarixi əlaqələrinin əsas mədəni mirası ortaq yaddaşdır: "Burada yaşayan almanlarla ortaq tariximiz, taleyimiz olub. Tarixdə müxtəlif hadisələr baş verib və heç nə unudulmamalıdır. Keçmişin kədərli səhifələrini unutmamalıyıq ki, onlardan dərs çıxaraq və bir daha təkrarlanmasın. Xoş anları isə yaşatmalıyıq ki, gələcəkdə dostluğumuz daha da zənginləşsin. Alman-Azərbaycan əlaqələri qədim, səmimi və bu gün də fərqli sahələrdə uğurla inkişaf edən canlı bir dostluq hekayəsidir".
Almaniyanın İzerlon şəhərində yaşayan Larisa Bennerin ailəsi də vaxtilə Azərbaycanda yaşayıb. O, ortaq tarixin qorunmasını iki ölkə arasında münasibətlərin inkişafı baxımından vacib hesab edir:
"Ata-babalarımızın yaşadığı torpaqları ziyarət etmək məndə dərin hisslər oyadır. Bu, ailə tariximizə toxunmaq və uşaqlıqdan bəri çox eşitdiyim yerləri görmək fürsəti üçün həyəcan, qürur və minnətdarlığın birləşməsidir.
Ailəmizin Azərbaycanla bağlı çoxlu xatirələri var. Onların arasında Azərbaycan mətbəxi xüsusi yer tutur - onların bir çox yeməkləri zamanla Azərbaycan almanlarının ailə ənənələrinin bir hissəsinə çevrilib. Məsələn kişmişli aş, kabab və digər yerli yeməklər var. Nənəm dolma bişirməyi çox sevirdi. Deportasiya zamanı cəmi altı yaşında olan anam hələ də Azərbaycanı hərarətlə xatırlayır. O, xüsusilə yerli sakinlər tərəfindən bişirilən təzə çörəklərin dadını çox aydın xatırlayır. Bu xatirələr ailəmizdə nəsildən-nəslə ötürülür və əcdadlarımızın yaşadığı torpaqla canlı əlaqəni qorumağa kömək edir.
Azərbaycana gəlməzdən əvvəl onu zəngin tarixə, müxtəlif mədəniyyətə və gözəl təbiətə malik bir ölkə kimi təsəvvür edirdim. Gördüklərim nəinki gözləntilərimi doğrultdu, həm də bir çox cəhətdən onları üstələdi. Xüsusilə ölkənin inkişafının miqyası və tarixi irsinə diqqətlə yanaşması məni heyran etdi.
Azərbaycanda alman irsinin qorunması üçün görülən işləri yüksək qiymətləndirirəm. Tarixi yerlərin bərpası, alman məskənlərinin tarixinin öyrənilməsi və bu mövzunun populyarlaşdırılması ortaq tarixi irsimizin mühüm bir hissəsinin qorunmasına töhfə verir.
Yerli sakinlərin bizə və ailə tariximizə münasibəti olduqca isti və qonaqpərvər idi. Ailə tariximizə həqiqi maraq və əcdadlarımızın xatirəsinə hörmət hiss etdik.
Azərbaycan xalqının qonaqpərvərliyi ən xoş təəssüratlar yaratdı. Bizi səmimiyyət, mehribanlıqla qarşıladılar, diqqət göstərdilər. Özümüzü istəkli qonaq kimi hiss edirdik.
Məni ən çox alman köçkünlərinin həyatı ilə əlaqəli tarixi yerlər, Azərbaycanın təbii gözəlliyi və bu ortaq tarixin xatirəsini əziz tutan insanlarla şəxsən görüşmək imkanı təsirləndirdi.
"Die Brücke" Azərbaycan-Alman mədəniyyət mərkəzinin işi xüsusi təşəkkürə layiqdir. Mərkəzin direktoru Ruslan Quliyev bizi Azərbaycandakı alman tarixi ilə bağlı maraqlı faktlarla tanış edir, alman irs yerlərinə maraqlı ekskursiyalar təşkil edir və əcdadlarımızın Azərbaycandakı ünvanlarını tapmağımıza kömək edir.
Mən inanıram ki, Azərbaycan və Almaniya arasındakı tarixi əlaqələr bu gün xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran amillərdən biridir. Ortaq tarix qarşılıqlı anlaşmanı, mədəni mübadiləni və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsini təşviq edir.
Bu tarixi gələcək nəsillərə ötürmək üçün övladlarıma ailəmizin Azərbaycanla bağları haqqında danışıram. Qardaşım qızı və qızlarımdan biri artıq mənimlə birlikdə Azərbaycana səfər edib və əcdadlarımızın yaşadığı yerləri görüblər. Tariximizin bu hissəsinin xatirəsinin yaşaması və ötürülməsi mənim üçün çox vacibdir. Almaniyadakı Azərbaycan almanları üçün görüşlər təşkil edirəm. Burada Azərbaycana səyahətlərimizin təəssüratlarını bölüşür, ailə tarixlərimizi araşdırır, şəcərə ağaclarımızı bərpa edir və uzun müddət bağlı qalmış arxivlərdən əldə etdiyimiz yeni məlumatları müzakirə edirik".
Helenendorfda yaşamış və Sovet hakimiyyəti tərəfindən sürgün edilmiş Rixard və Alvine Hüttingerlərin Qazaxıstanın Qaraqanda şəhərində yaşayan nəticəsi İrina Yesaulova isə Azərbaycanda alman irsinə xüsusi qayğı ilə yanaşıldığını bildirir:
"Əcdadlarımın yaşadıqları yerləri ziyarət edərkən özümü böyük bir tarixə aid hiss etdim. Təbii ki, ata-babalarımızın illərlə qurub-yaratdıqlarını itikdiklərini anlamaq ürək ağrıdır. Lakin Azərbaycana çox minnətdaram. Tarixə heç də hər yerdə belə hörmətlə yanaşmırlar. Buradakı qonaqpərvərlik isə müstəsna idi. Bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.
Köklərim haqqında daha çox məlumat əldə etmək istəyirdim. Ulu nənəmin, nənəmin və anamın yaşadığı evlərin bağlarından torpaq götürdüm. Onların məzarlarına səpdim.
Səfərdən əvvəl uzun müddət hazırlaşdım. Çox oxudum və araşdırdım. Gözləntilərim tam doğruldu.
Azərbaycanın cazibəsi. Müasirlik və qədimliyin vəhdəti. Yerli sakinlərin öz ölkələrinə olan sevgisi, öz əsgərlərinin xatirəsini ehtiramla yad etməsi adamı təsirləndirir. Əlbəttə ki, tarixi mövzular ətrafında müsbət məcrada ünsiyyət qurmaq insanları yaxınlaşdırır.
Bildiyim və gördüyüm hər şeyi oğluma danışdım. Xatirələrimi və şəkillərimi siyasi repressiya qurbanlarının saytında yerləşdirdim".
Mədəni-humanitar körpülər
Azərbaycan ilə Almaniya arasında son illər mədəni-humanitar sahədə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Avropa məkanında mühüm mövqeyə malik olan Almaniya ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycan arasında formalaşan əlaqələr, xalqların bir-birini daha yaxından tanımasına və mədəni körpülərin möhkəmlənməsinə yeni imkanlar açır. Xüsusilə Almaniyada keçirilən Azərbaycanla bağlı mədəni tədbirlər, sərgilər, konsertlər və maarifləndirici layihələr iki ölkə arasında ictimai diplomatiyanın güclənməsinə xidmət edir.
Bu prosesdə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və mədəni platformalar xüsusi rol oynayır. Onların təşəbbüsü ilə təşkil edilən tədbirlər nəticəsində alman ictimaiyyəti Azərbaycan musiqisi, ədəbiyyatı, tarixi və zəngin mədəni irsi ilə daha yaxından tanış olur. Eyni zamanda, tələbə mübadilə proqramları və birgə layihələr gənclər arasında qarşılıqlı marağın artmasına, uzunmüddətli əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradır.
Alman-Azərbaycan Forumunun sədr müavini Fidan Damer "Report"a bildirib ki, son illərdə Almaniyada Azərbaycana və ümumilikdə Qafqaz regionuna maraq nəzərəçarpacaq dərəcədə artıb: "Alman cəmiyyətində Azərbaycanın geosiyasi mövqeyi və Avropa ölkələri ilə davamlı əməkdaşlığı əvvəlki illərlə müqayisədə daha çox marağa səbəb olur. Müsbət dəyişikliklər aydın şəkildə hiss olunur. Bu, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin və beynəlxalq əməkdaşlığa verdiyi önəmin nəticəsidir. Biz Alman-Azərbaycan Forumu olaraq təşkil etdiyimiz tədbirlərdə Azərbaycan haqqında ətraflı məlumat verməyə və xarici auditoriyanın marağını artırmağa çalışırıq. Bu tədbirlər sayəsində Azərbaycan haqqında az məlumatlı insanlar da ölkəmizi müxtəlif perspektivlərdən tanımaq imkanı əldə edirlər. Bu cür tədbirlər çox önəmlidir. Çünki məhz yerli ictimaiyyətlə birbaşa ünsiyyət və mədəni mübadilə vasitəsilə daha effektiv nəticələr əldə etmək mümkündür".
"Xüsusilə alman gəncləri üçün daha çox təqaüd və mübadilə proqramlarının yaradılması faydalı olardı. Tələbələrin müəyyən müddət Azərbaycanda təhsil alma imkanları ölkəmizi daha yaxından tanımalarına böyük töhfə verə bilər. Almaniyada yaşayan, alman dilini və yerli qanunları yaxşı bilən savadlı azərbaycanlı gənclər ölkəmiz haqqında düzgün məlumatlandırma və maarifləndirmə işində mühüm rol oynayırlar. Belə gənclərin sayı artdıqca, bu sahədə daha böyük uğurlar əldə olunacaq".
Almaniyada Azərbaycan mədəniyyətinə olan münasibətdən danışan F.Damer bildirib ki, ən böyük maraq musiqi sahəsində müşahidə olunur: "Ən böyük marağı əsasən musiqi sahəsində müşahidə edirəm - istər klassik musiqi, istər muğam, istərsə də xalq mahnıları alman auditoriyası tərəfindən böyük maraqla qarşılanır. Birgə tələbə layihələri, mədəni mübadilə proqramları və beynəlxalq festivallar gənclər arasında əlaqələrin güclənməsinə və uzunmüddətli əməkdaşlığa böyük töhfə verə bilər: "Bu istiqamətdə beynəlxalq sərgilər, turizm forumları və sosial media platformaları Azərbaycanın zəngin mədəni irsini və turizm potensialını tanıtmaq üçün geniş imkanlar yarada bilər. Azərbaycan və Almaniya arasında münasibətlər inkişaf etməkdə davam edir və gələcəkdə həm iqtisadi, həm siyasi, həm də mədəni sahədə əməkdaşlığın daha da genişlənəcəyinə ümid edirəm. Mədəni əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı və etimadı gücləndirir. Bu isə ölkələr arasında ümumi münasibətlərin inkişafına müsbət təsir göstərir".
Beləliklə, tarixi köklərə söykənən və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf edən Azərbaycan-Almaniya münasibətləri gələcəkdə daha geniş iqtisadi, humanitar və strateji əməkdaşlıq üçün böyük potensial vəd edir. Bu tərəfdaşlıq həm regionda sabitlik və iqtisadi inteqrasiyanın güclənməsinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm körpülərdən biri olaraq qalır.