Tahir Baxşıyev: "NTD yenə iddialı klublardan biri olacaq"

Komanda
  • 02 sentyabr, 2025
  • 14:09
Tahir Baxşıyev: NTD yenə iddialı klublardan biri olacaq

NTD 2025/2026 mövsümündə də Azərbaycan Basketbol Liqasında iddialı klublardan biri olacaq. 

Bunu "Report"a komandanın baş məşqçisi Tahir Baxşıyev deyib. 

Mütəxəssis hədəflərinin dəyişmədiyini söyləyib: 

"Azərbaycanlı oyunçularla artıq məşqlərə başlamışıq. Yaxın zamanda ABŞ-dən olan basketbolçuların transferləri gözlənilir. İlk növbədə tibbi müayinədən keçməlidirlər. Hər şey yolunda getsə, həftəsonu tam heyətlə məşqlərə start verəcəyik".

Baxşıyev NTD-nin həmişə iddalı kollektivlərdən olduğunu vurğulayıb:

"Bu dəfə də elə olacaq. NTD neçə illərin komandasıdır. Həmişə hədəfimiz eyni qalıb. Amma başa düşürük ki, bu dəfə "Sabah", "Neftçi" və "Abşeron"da yaxşı oyunçular var və büdcələri də çoxdur. Buna baxmayaraq, biz də iddialı olacağıq. Çempion olmaq istəmirsənsə, niyə oynayırsan? Əlimizdən gələni edəcəyik, çalışacağıq. Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olduq. Bu dəfə də titul əldə etmək niyyətindəyik".

Azərbaycan millisinin də baş məşqçisi olan mütəxəssis yığmadakı işinə də davam etdiyini sözlərinə əlavə edib: 

"Hazırkı Avropa çempionatı başa çatdıqdan sonra 2029-cu ildəki yarışın seçmə mərhələsinin püşkü atılacaq. Həmin vaxt rəqiblərimizi tanıyacağıq. Ondan sonra millinin hədəfləri barədə danışa bilərik".