Rimas Kurtinaytis: "Qarabağ"la görüşdə "Sabah"ın sərgilədiyi futbol məni heyrətləndirdi" - MÜSAHİBƏ
- 22 dekabr, 2025
- 15:33
"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Report"a müsahibə verib. Litvalı mütəxəssis komandasının FIBA Çempionlar Liqasındakı çıxışından və gələcək hədəflərindən danışıb. "Sabah" futbol klubunun oyunlarına da toxunan olimpiya çempionu komandanın "Qarabağ"la Premyer Liqa matçını da dəyərləndirib.
- "Sabah"ın FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə çıxışını necə dəyərləndirirsiz?
- İlk dəfə bu səviyyəli turnirdə çıxış etdiyimizi nəzərə alsaq, düşünürəm ki, çıxışımızı qənaətbəxş saymaq olar. Bir qədər beynəlxalq təcrübə çatmadı. "Alba" və "Elan Şalon"la ev oyunlarında qələbə qazana bilməməyimizdə bunun rolu oldu. Fikrimcə, layiqli çıxış etdik. Güclü rəqiblərlə başabaş mübarizə apardıq. Bu haqda dəfələrlə danışmışam. FIBA-nıın klub basketbolunda olan sistemi bizim üçün əlverişli deyil. Məlumdur ki, yerli basketbolçuların bu cür səviyyəli turnirdə daha yaxşı mübarizə aparması üçün zamana ehtiyac var. Rəqib komandaların heyətində çıxış edən yerlilər təmsil etdikləri ölkənin milli komandasında yer alırlar. Bu baxımdan rəqiblərimizin rotasiya imkanları bizimlə müqayisədə daha geniş idi.
- "Alba" ilə son oyunda fasiləyə üstün yollanmışdınız. Qələbə qazanmağa nə mane oldu?
- "Alba" ilə son matç da daxil olmaqla, digər oyunlarda böyük fasiləyə hesabda öndə yollansaq da, üçüncü və dördüncü periodda yorğunluq səbəbindən bu üstünlüyü əldən verirdik. Yaxşı gənclərimiz var. Lakin onlarıın bu səviyyədə oyunlarda heyətdə yer alması üçün 2-3 il keçməlidir. Qısası, digər komandalar 12 basketbolçunun hər birindən istifadə edə bildiyi halda, bizdə əsas yük 7 oyunçunun üzərinə düşürdü. Bu şərtlər altında belə 1 qələbə qazanmağı bacardıq. "Elan Şalon"la Bakıdakı görüşdə qələbəyə çox yaxın idik. Lakin sonda sadaladığım səbəblərə görə gücumuz tükəndi. Endər Poladxanlının zədələnməsi də çıxışımıza təsirsiz ötüşmədi. Onun yoxluğu hiss olunurdu. Maraqlıdır ki, FIBA milli komandaların oyununda milliləşdirməyə icazə verir, amma klub basketbolunda yanaşma fərqlidir. Milliləşdirilmiş basketbolçu yerli passportla yığmada oynaya bilərsə, niyə klubda buna icazə verilməsin? Bunu anlamaqda çətinlik çəkirəm. Amma nə etmək olar? FIBA-nın qaydaları belədir. Digər tərəfdən, biz hələ yeni komandayıq. Rəqbilərimizin uzun illərə söykənən basketbol ənənəsi və avrokubok təcrübəsi var. Məsələn, son rəqibimiz uzun illər Avropanın top-basketbol liqası sayılan Avroliqanın daimi sakini olub. Düşünürəm ki, biz düzgün yoldayıq. Çempionlar Liqasında iştirakımızda əməyi olan hər kəsə təşəkkür edirəm. Federasiya çox böyük iş görür. Basketbolsevərlər Avropa səviyyəli oyunlar izlədilər. Təbii ki, bu amillər gələcəkdə basketbolun inkişafına töhfə verəcək. Bu artıq nailiyyətdir. İnanıram ki, qələbələr də gələcək.
- "Neftçi" və "Abşeron Lions" komandalarının FIBA Avropa Kubokunda çıxışını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, layiqli mübarizə apardılar. Qarşılaşmalarına baxdım. Fikrimcə, bu həmin komandaların, həm də çempionatın səviyyəsinin artmasına səbəb olacaq. Yaxşı təcrübə qazandılar. Amma bu, davamlı olmalıdır. Azərbaycan basketbolunun inkişafı üçün klublar mütəmadi avrokuboklarda çıxış etməlidirlər.
- Futbolla bağlı fikirləriniz də maraqlıdır. "Sabah" Misli Premyer Liqasının I turundan təxirə salınan oyunda "Qarabağ"ı məğlub etdi. Necə düşünürsüz, "Sabah" ölkə çempionatında Ağdam təmsilçisinin hegemonluğuna son qoya bilər?
- İlk dəfədir ki, Azərbaycan çempionatında bu səviyyədə oyun gördüm. "Sabah" əla çıxış etdi. Düşünürəm ki, Valdas Dambrauskas çox böyük iş görüb. Mövsümün əvvəlindən oyunlarımızla üst-üstə düşməyəndə və hazırlıq planımıza mane olmayanda "Sabah"ın qarşılaşmalarını tirbunadan izləyirəm. "Qarabağ"la görüşdə "Sabah"ın sərgilədiyi futbol məni heyrətləndirdi. Hər iki komanda keyfiyyətli futbol nümayiş etdirdi. "Qarabağ" Avropa səviyyəli klubdur. "Sabah"a gəlincə, bu cür üslubda 90 dəqiqə aqressiv pressinq etdilər. Bir sözlə, möhtəşəm oyun idi. Qarşılaşma o qədər sürətli idi ki, sanki 5 dəqiqə ərzində bitdi. Oyunun bitməsinə görə heyfislənirdik. Kifayət qədər zövqlü matç idi. Çempionat uzun marafondur. Amma hiss olunur ki, komanda düzgün yoldadır.
- Vaxtilə rəhbərlik etdiyiniz Azərbaycanın basketbol millisi ilə bağlı düşüncələriniz necədir?
-Milli komandanın son oyunlardakı nəticələrindən xəbərdar olsam da, qarşılaşmalara baxmaq imkanım olmayıb. Bildiyiniz kimi, mən həm də Litva millisinin baş məşqçisiyəm və bizim həmin vaxt oyunlarımız var idi. Bu baxımdan fikir bildirmək çətindir. Düşünürəm ki, liqanın səviyyəsi artıb. Bu isə milli komandaya müsbət təsir göstərəcək. Sadəcə, onu deyə bilərəm ki, rəhbərliyim altında çıxış edən yığma üzvləri yaxşı hazırlıq keçiblər.